Alim, müəllim və şagirdlər dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı elmi-praktik konfransda məruzə, təqdimatlarla çıxış edrəcəklər.Şairin əsərlərindən qəzəllər deyiləcək, səhnəçiklər göstəriləcək. Eyni zamanda şagirdlər şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanış olacaqlar. İ.Talıbov AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik G.Baxşəliyevaya gimnaziyaya elmi cəhətdən dəstəyinə, Şərqşünaslıq İnstitutunda nəşr olunan kitab və jurnalları məktəbin kitabxana fonduna hədiyyə etdiyinə görə təşəkkür edib.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Məhəmməd Füzuli və şərq ədəbiyyatı” mövzusunda geniş məruzə edib.
Sonra Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, İnstitutun Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova “Füzulinin əxlaqi-didaktiv görüşləri”, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Füzuli ədəbi mühiti Azərbaycan tarixşünaslığında”, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının müəllimi Ceyran Həsənova “Füzuli yaradıcılığında mənəvi azadlıq”, gimnaziyanın müəllimi Şəhla Mirbağırova “Füzulinin musiqi dünyası” mövzularında çıxış ediblər.
Gimnaziyanın şagirdlərindən S.Bayramova “Ya rəbb bəlayi-eşq ilə qıl aşina məni”, H.Hüseynov “Şəbi-hicran” qəzəlini söylədilər, R.Abdullazadə, Z.Yusubova ilə birlikdə “Leyli ilə anasının dialoqu”, 5 d sinif şagirdləri “Meyvələrin söhbəti” əsərini səhnələşdiriblər, S.Kiçibəyli “Məhəmməd Füzuli”, Z.Ağayeva “Söz qəzəli” təhlili, Z.Novruzov isə “Füzulinin həyat və yaradıcılığı” mövzularında çıxış ediblər.