Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşları “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfransda məruzə ediblər

23 May 2024

Mayın 22-23-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə keçən konfransın açılış tədbirində AMEA-nın vitse-prezidenti vəzifəsini izra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın başçılığı ilə institutun əməkdaşları da iştirak ediblər.

 

 

 

 

 

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, kərküklü tədqiqatçı, şair və yazıçı, Kərkük Kültür Dərnəyinin rəhbəri doktor Şəmsəddin Kuzəçi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Akademiyanın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədr müavini professor Qəzənfər Paşayev, AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanov çıxış ediblər. 

Konfransda AMEA-nın akademik Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü,  Ərəb filologiyası şöbəsinin elmi işçisi Şəhanə Şahbazova və  Mərkəzi Asiya ölkələri şöbəsinin elmi işçisi Hülya Aslanova məruzə ediblər.

Dosent Ruhəngiz Cümşüdlü “Əta Tərzibaşı Füzulinin ərəbcə şeirləri haqqında” adlı məruzəsində Əta Tərzibaşının Füzulinin ərəbcə  qəsidələrinə həsr olunmuş məqaləsində görkəmli şairin ərəb dilində divanının mövcudluğunu qəbul etməyərək, onun ərəb dilindəki poetik irsinin yalnız qəsidələrdən ibarət olduğu mülahizəsini irəli sürdüyünü, bu qəsidələri Hafiz, Sədi kimi şairlərin şeirləri ilə yanaşı tutaraq bir sənət əsəri kimi qiymətləndirdiyini qeyd edib. Füzulinin ərəbcə qəsidələrini geniş təhlil edən Əta Tərzibaşının ərəbcə qəsidələrdən gətirdiyi nümunələrlə Füzulinin təşbih yaratmaq sahəsindəki məharətini xüsusi qeyd etdiyini deyən R.Cümşüdlü, alimin bu qəsidələrə xas olan bədiilik məharətini vurğuladığını qeyd edib.

Şəhanə Şahbazova “Əta Tərzibaşı ərəbdilli mətbuatda türk ədəbiyyatının tədqiqatçısı kimi” adlı məruzəsində Əta Tərzibaşının gənclik illərindən ərəb və türk dillərində müxtəlif jurnal və qəzetlərdə türkman xalqı ilə bağlı yazılarının dərc olunduğunu, onun türk ədəbiyyatını, türk şair və yazıçılarını ərəb dünyasında tanıdan bir tədqiqatçı kimi də diqqətə layiq xidmətə sahib olduğunu qeyd edib. Ş.Şahbazova məruzəsində Əta Tərzibaşının türk ədəbiyyatı haqqında ərəb dilli mətbuatda dərc olunmuş məqalələrindən bəhs edib.

Mərkəzi Asiya ölkələri şöbəsinin elmi işçisi Hülya Aslanova “Müasir İraq-türkman ədəbiyyatında yeni şeir cərəyanı və Əta Tərzibaşı” adlı məruzəsində İraq-türkman ədəbiyyatında yeni şeir anlayışı olan sərbəst şeirin türkman ədəbi cəmiyyətində çox sərt qarşılandığını və uzun müddət kəskin mübahisələrin mövzusu olduğunu qeyd edib. Bu dövrdə sərbəst şeirə qarşı olanların başında öz kəskin mövqeyi ilə Əta Tərzibaşının gəldiyini deyən məruzəçi onun sərbəst şeirə olan tənqidi münasibətinin “Qardaşlıq” jurnalında dərc etdiyi “Saçma şeir” və “Yeni şeir üzərinə” adlı məqalələrində aydın göründüyünü vurğulayıb.

 

 

Download Template Joomla 3.0 free theme.