İlk olaraq, universitetin rektoru, professor Sevinc Rəhimova “31 mart soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda məruzə etdi. Daha sonra Bakı Qızlar Universitetinin “Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli 1918-ci ildə Lənkəran və Şamaxıda törədilmiş soyqırımlardan danışaraq, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizlik və soyqırım siyasətini pislədi.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 1918-ci ildə Salyanda baş vermiş mart soyqırımı barəsində məlumat verərək, azərbaycanlıların soyqırımının xüsusi qəddarlıqla həyata keçirildiyini bildirdi.
Bakı Qızlar Universitetinin baş müəllimi, BDU-nun doktorantı Tural Vəlizadə 1918-ci il Mart soyqırımının arxiv sənədlərində də əks olunduğunu bildirərək, bu barədə ətraflı məlumat verdi.
Daha sonra Quba “Soyqırımı Memorial Kompleksi”nin “Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsi”nin müdiri Lətafət Behbudova, şöbənin əməkdaşları Nurcan Allahverdiyeva və Ülkər Zeynalova çıxış etdilər.
Çıxışlarda Qubada 1918-ci il hadisələri zamanı ermənilərin on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba “Soyqırımı Memorial Kompleksi” yaradıldığı, tarixi həqiqətlərin və xalqımıza qarşı yönəldilmiş amansız qətliamların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulandı.
