1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında yaratdıqları “Ermənistan” onların himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə, eləcə də I Qarabağ müharibəsi dövründə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirib.
Məqalədə bildirilir ki, 1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. Əsas məqsəd erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək olub. Əlimərdan bət Topşubaşov Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı materialları və fotoşəkilləri Paris Sülh Konfransına təqdim etmişdi.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi Fərmanının, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının ermənilərin cinayətkar və terror əməllərinin araşdırlması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olduğunu yazan müəllif 2007-ci il aprelin 1-də Qubada aşkar olunmuş ermənilərin törətdiyi soyqırımı məzarlığında azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələrinin də amansızcasına qətlə yetirilərək basdırıldığını bildirib.
Dosent S.Talıblı məqalədə Lənkəran, Cavad və Göyçay qəzalarında baş vermiş soyqırımı haqda Azərbaycan, türk, rus və digər xarici dilli mənbələrə, eləcə də həmin dövrlə bağlı dövrü mətbuata istinad edərək yazıb.