Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyevin qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu deyən Gövhər Baxşəliyeva, ulu öndərin xalqda gələcəyə böyük inam yaratdığını, qısa bir zamanda ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu, regionda lider dövlətə çevirdiyini qeyd etdi.
G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini yada salan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri xatırlatdı: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.
G.Baxşəliyeva bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdi və ölkədə gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan və inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının bunun əyani təsdiqi olduğunu bildirdi.
Sonra Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfər, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova və başqaları çıxış edərək ulu öndərin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən söz açdılar.