Professor Elman Quliyev martın 15-də Türkiyənin Bandırma Onyedi Eylül Üniversitetində keçirilən beynəlxalq konfransda iştirak edib. Elman Quliyev çıxış edərək qardaş ölkədə keçirilən konfransın əhəmiyyətindən danışıb.
Konfransdan sonra Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabının imza mərasimi keçirilib. Mərasimdə Universitetin professorları, müəllim-tələbə heyəti iştirak edib. Görüşdə müəllif kitabları imzalayaraq təqdim edib, sualları cavablandırıb. İmza mərasimində iştirak edən elm və ədəbiyyat adamları bu kitabların Türkiyə Universitetlərində dərslik kimi tədris olunmasını arzu etdiklərini bildiriblər.
Martın 16-də professor Elman Quliyevlə Türk Ocaqları İstanbul şöbəsində də görüş keçirilib. Bu görüşdə də “Türk xalqları ədəbiyyatı" kitabı təqdim olunub. İstanbulda fəaliyyət göstərən elmi-mədəni qurumların, universitetlərin müəllim-professor heyətinin iştirak etdiyi tədbirdə kitabın bütün Türk dünyasına yayılmasının vacibliyi vurğulanıb. Daha sonra professor Elman Quliyev kitabları imzalayaraq tədbir iştirakçılarına təqdim edib.



