Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK GÖVHƏR BAXŞƏLİYEVANIN BİRLƏŞMIŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN “ƏL-FƏCR” QƏZETİNDƏ MÜSAHİBƏSİ DƏRC EDİLİB

06 Dekabr 2017

Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan gündəlik müstəqil siyasi qəzet “Əl-Fəcr”də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutun direktoru, millət vəkili akademik Gövhər Baxşəliyeva ilə müsahibə dərc edilib. Müsahibəni qəzetin baş redaktoru Şərif əl-Bassel götürüb. Şərif əl-Bassel qəzetin bir səhifəsini əhatə edən yazısını “Gövhər Baxşəliyeva Birləşmiş Ərəb Əmirliklərindəki hərtərəfli inkişafı yüksək qiymətləndirdi” başlığı altında təqdim edib.


Baş redaktor yazıda ilk olaraq Şərqşünaslıq İnstitutu barədə məlumat verib: “Bakıda yerləşən Şərqşünaslıq İnstitutu ərəb ölkələrinin ədəbiyyatını, tarixini, o cümlədən Şərqin təfəkkür irsini öyrənən elmi-ədəbi bir mərkəzdir. İnstitut beynəlxalq səviyyədə olan və şərq dilləri sahəsində ixtisaslaşmış ən mühüm elmi araşdırma mərkəzlərindən biri hesab edilir. İnstitut sözügedən sahədə ixtisaslaşan və bu sahənin xalqlar arasındakı ünsiyyətə xidmət etməsinin əhəmiyyətini dərk edən alim nəslini yetişdirmə vəzifəsini öz öhdəsinə götürmüşdür.

Azərbaycan şərqşünaslığı Qərb şərqşünaslığında tez-tez təsadüf edilməyən xüsusiyyətləri ilə fərqlənir. Belə ki, Şərqi öyrənən azərbaycanlı şərqşünaslar həyatları boyu ərəb dilinə qarşı sevgiləri ilə xarakterizə edilmişlər. Onların əksəriyyəti ərəb ədəbiyyatına və ərəb irsinə bağlanmış, bəzən Qərbə, bəzən də şərqlilərin özlərinə şərqşünaslıqla bağlı ədəbiyyatlar bəxş etmişlər.

Şübhəsiz ki, tariximizi öyrənən, əsərlərimizi vərəqləyən, irsimizi araşdıran və keçmişimizi oxuyan şərqşünas, bəzən bizim əvəzimizə həmin işləri görmüş olur. Onlar tələbata uyğun mənbə və yeni tədqiqatlar təqdim edərək ərəb və şərqdilli kitabxanaların zənginləşdirilməsi işində bizə kömək edirlər.  Bununla da onlar obyektiv və elmi şəkildə araşdırma aparır, tədqiqat işini siyasiləşdirməkdən uzaq duraraq məlumatları keçmişdən bu günə çatdıran işlərində əsas amil hesab etdikləri dəqiqlik və obyektivliklə Şərqə xidmət edirlər. İnstitutun yerinə yetirdiyi geniş tədqiqatlar bu məqsədə realist və peşəkar şəkildə xidmət edir”.

Müsahibədə ilk sual, Şərqşünaslıq İnstitutu, onun elmi həyatdakı rolu və bu instituta rəhbərlik etmiş mühüm şəxsiyyətlər barəsində olub. Gövhər Baxşəliyeva İnstitutun sabiq direktorları – görkəmli alimlər Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, Ziya Bünyadov, Aida İmanquliyeva haqqında ətraflı məlumat verib, xüsusi olaraq, görkəmli alim, professor Aida İmanquliyevanın fəaliyyəti və yaradıcılığı üzərində dayanıb: “Aida xanım İmanquliyeva 1992-1993-cü illərdə İnstituta rəhbərlik etmişdir. O, şərqşünaslıq sahəsində ixtisaslaşmış mühüm şəxsiyyətlərdəndir. Sovet İttifaqı dövründə ədəbi yaradıcılıq sahəsində qabaqcıl mütəxəssis kimi onun şöhrəti hər tərəfə yayılmışdır. O, ərəb ədibləri, məhcər ədəbiyyatının nümayəndələri, o cümlədən Mixail Nuayme, Cübran Xəlil Cübran, İlya Əbu Madi və başqaları haqqında çoxlu tədqiqatlar və elmi araşdırmalar aparmışdır. Eyni zamanda Aida xanım zahirən gözəl və humanizmlə dolu, təmiz və böyük ürəyə malik bir xanım idi. Çox təəssüflər olsun ki, o, özündən sonra bəşəriyyət üçün yazdığı kitabları yeni nəsillərə miras qoyaraq, cəmi 52 yaşında dünyasını dəyişdi”.

G.Baxşəliyeva 1992-ci ildən sonra yenidən İnstituta görkəmli alim, akademik və Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadovun, 1997-ci ildən isə özünün rəhbərlik etdiyini bildirib.

Gövhər xanım Şərqşünaslıq İnstitutunun yaranma tarixi və elmi istiqamətləri barədə məlumat verərək, İnstitutun 160-a yaxın əməkdaşının üçdə birinin qədim dövrlərdən başlayaraq orta ərlər və müasir dövrdə Ərəb Şərqi, ərəb dili, ərəb ədəbiyyatı, ərəb tarixi məsələləri ilə məşğul olduğunu qeyd edib.

Gövhər xanım Ərəb Şərqi ilə maraqlanan azərbaycanlı tələbələrin çoxluq təşkil etməsini, bundan əlavə İran və Türkiyədən bəzi tələbələrin gəlməsini, əvvəllər Misir, İraq və başqa ərəb ölkələrindən gələn tələbələrin olduğunu vurğulayaraq qeyd edib ki, dövlət müəssisəsi olan İnstitut doktorantura təhsili verir. Verilən diplomlar YUNESKO-ya üzv olan bütün dövlətlər tərəfindən tanınır.

Gövhər xanım Azərbaycanda alimin istər ölkə rəhbərliyi, istərsə də Azərbaycan xalqı tərəfindən təqdir edildiyini və böyük hörmətlə qarşılandığını qeyd edib. Bu da ölkə vətəndaşlarını Şərqşünaslıq İnstitutunda, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının digər institutlarında doktorantura təhsili almağa sövq edir.

Gövhər xanım sözlərinə əlavə edib ki, Şərqşünaslıq elmi gündən-günə daha da aktuallıq kəsb edir. Eləcə də, bu elmi sahə ilə məşğul olan mərkəzlərin sayı artaraq dünyanın bir çox ölkələrinə yayılır.

Şərqşünaslıq İnstitutu ilə xarici institutlar arasındakı əməkdaşlıq ilə bağlı suala cavab olaraq, Gövhər xanım Türkiyə, Rusiya, İtaliya, Fransa, Polşa, Gürcüstan və başqa ölkələrin institutları ilə elmi əlaqələr və böyük əməkdaşlığın olduğunu bildirib. Misal üçün, 16-17 oktyabrda Sovet İttifaqı qəhrəmanı, böyük alim akademik Ziya Bünyadov ilə bağlı elmi konfrans keçirilib. Konfransda ümumilikdə 250-dən artıq alim, onlardan dünyanın müxtəlif ölkələrindən gəlmiş 51 alim iştirak etmişdir.

Gövhər xanım bildirib ki, Azərbaycan nəzərə çarpan şəkildə inkişaf edən dövlətlərdən biridir. Azərbaycan qadını elmin və inkişafın müxtəlif sahələrində mühüm rol oynayır. Bunu müşahidəçilərin çoxu təsdiq edir. Məsələn, Misirin Bakıdakı sabiq səfiri bildirmişdir ki, Azərbaycanda ən çox bəyəndiyim ziyalı Azərbaycan qadınıdır. O, elmli, savadlı xanımdır və ən yüksək vəzifələrə yiyələnmişdir.

Gövhər Baxşəliyeva ərəb ölkələrindəki elmi tədqiqatları ümumi şəkildə dəyərləndirərkən bildirib ki, ərəb, ümumiyyətlə şərq tədqiqatlarının əksəriyyəti təsvirçi xarakteri daşıyır. Onlar özlərindən əvvəlkilərin dediklərini nəql edərək tədqiqatlarını yekunlaşdırırlar. Bundan fərqli olaraq, Azərbaycan, Avropa və Rusiyanın elmi təhlil və dərin araşdırmaya əsaslanır. Beləliklə, Şərqşünaslıq İnstitutu ərəb ədəbiyyatı, ərəb ədibləri, o cümlədən Taha Hüseyn, Nəcib Məhfuz, Yusif əs-Sibai və başqaları haqqında çox dərin araşdırmalar aparmışdır.

Söhbətin sonunda Gövhər Baxşəliyeva Birləşmiş Ərəb Əmirliklərindəki xatirələrindən danışıb. Belə ki, o, qısa müddətli iki dəfə Əmirlikdə olub. O, müxtəlif sahələri əhatə edən ümumi inkişaf göstəricilərini və ölkə rəhbərliyinin elm, savad, yaradıcılıq xüsusiyyətləri ilə silahlanmış nəsil yetişdirmək məqsədi barəsində gördüklərini yüksək qiymətləndirib, eləcə də əlyazmalara böyük önəm verən Cümə əl-Məcid adına İrs və Mədəniyyət Mərkəzinə heyranlığını ifadə edib.

Gövhər xanım qeyd edib ki, Şərqşünaslıq İnstitutundakı əməkdaşların ərəb aləminə bəslədikləri sevgini təsəvvür etmək mümkün deyil. Bu, Məcnunun Leyliyə olan məhəbbətinə bənzəyir. Bizi bu sehrli aləmə salan da məhz bu sevgidir. Ərəb dünyası bəşəriyyətə çox şey vermişdir. O bizim üçün sehrli bir dünyadır.

Gövhər xanım əlavə edib ki, ərəb dünyasında xüsusilə Suriya, İraq, Liviya və başqa yerlərdə baş verən hadisələri hər dəfə görəndə qəm-kədər bizi bürüyür, ürəyimiz yanır və bu bölgələrdə baş verənlər bizə ağır təsir edir: “Biz arzu edirik ki, həmin regiondakı dövlətlərin əhalisi əmin-amanlıq və sabitliyə mümküncə tez qovuşsun”.

Download Template Joomla 3.0 free theme.