Aybəniz Həsənova konfransda “Şərqi Azərbaycanın hidrotoponimləri” mövzusunda məruzə edib. Cənubi Azərbaycanda Şərqi Azərbaycan ostanı ərazisindəki zəngin hidronimlərdən danışan alim ərazinin maraqlı hissəsini təşkil edən hidronimlərin əksəriyyətinin türk mənşəli olmasını vurğulayıb. A.Həsənova bildirib ki, hidronimlər toponimlərdən fərqli olaraq dəyişmir, yaxyd az dəyişir və başqa sözlərlə əvəz olunmur, uzun bir tarixi dövr ərzində sabit qalır.
Rəna Rzayeva "Munisnamə" tərcümə nümunəsi kimi” adlı məruzəsində XII əsr Azərbaycan Atabəylər dövlətində yaşayıb yaratmış, böyük Azərbaycan ədibi, Nizaminin müasiri və dostu Əbubəkr ibn Xosrov əl-Ustadın dövrümüzə gəlib çatmış "Munisnamə" əsərinin bir çox özəllikləri ilə diqqəti çəkdiyini bildirib. Məruzəçi bu özəlliklərdən birinin əsərin II fəslinin fars dilinə ilk ədəbi tərcümələrindən biri kimi qəbul olunması olduğunu qeyd edib. Belə ki bu fəsil Əli ibn əbu Talibin məşhur " Nəchül bəlağə" əsərinin "Möminlərin əmiri Əli ibn əbu Talibin oğlu imam Hüseynə vəsiyyəti" fəslinin əl-Ustad tərəfindən fars dilinə edilmiş poetik tərcüməsidir. İlk tərcümələrdən biri kimi qəbul olunan bu nümunə, şübhəsiz ki, gələcək tədqiqatlarda diqqət çəkəcəkdir.
