Azərbaycanlı alim “Modernləşmə: yeni media və şəbəkə sosiallığı” mövzusunda məruzə ilə çıxış edib.
Professor məruzəsində qeyd edir ki, innovativ modernləşmə yeni tip cəmiyyətə sistemli keçid tələb edir. R.Rzayeva vurğulayıb ki, bu gün kütləvi informasiya vasitələri biliyin və digər sosial əhəmiyyətli informasiyanın bilavasitə daşıyıcısı, xüsusən də yayıcısı kimi dövlət-siyasi, sosial-mədəni və digər sahələrin transformasiyasında, müvafiq olaraq cəmiyyətin müasirləşməsində mühüm rol oynayır. Məruzədə həmçinin bildirilir ki, müasir dövrdə proseslər, hadisələr, faktlar media müstəvisində qiymətləndirilir. Bu kontekstdə R.Rzayeva informasiya inqilabı nəticəsində medianın cəmiyyətdəki rolunun dəyişməsinin beynəlxalq mühiti dəyişdiyini, yeni mənalar yaratdığını qeyd edib. Müasir dövrdə yeni sosial və kommunikativ münasibətlərin yaradılması, müasir informasiya cəmiyyətinin tədricən şəbəkə kommunikasiyaları cəmiyyətinə çevrilməsi vasitəsi kimi internet resurslarının prinsipial yeni rolu meydana çıxır.
Alimin məruzəsi maraqla qarşılanıb. Konfrans iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.