Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

İctimai Elmlər Bölməsinin müəssisələri 2023-cü il üzrə illik hesabatlarını verib

08 Yanvar 2024

AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2023-cü il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağı keçirilib.

İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin aparıcı alimləri, universitetlərin müvafiq fakültə və kafedralarının nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

 

AMEA-nın vitse-prezidenti v.i.e., Bölmənin Ümumi yığıncağının sədri akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq əvvəlcə iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, 2023-cü ildə onlara cansağlığı və yaradıcılıq uğurları arzu edib. Sonra akademik Gövhər Baxşəliyeva növbəti ildə institutların qarşısında duran əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Ümumi yığıncağın sədri cari ildə bölmənin elmi tədqiqat müəssisələrinin fəaliyyətinin məhsuldar olduğunu, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, eləcə də 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi  çərçivəsində bir çox uğurların əldə edildiyini qeyd edib. Akademik Gövhər Baxşəliyeva bölməyə daxil olan elmi tədqiqat müəssisələrinin 2023-cü ildəki ümumi statistik məlumatlarını diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə 27  problem, 76 mövzu, 290 işin 115 mərhələsi üzrə elmi tədqiqatlar aparılıb. Onun sözlərinə görə, il ərzində 222 iş, 115 mərhələdə tamamlanıb.

Akademik Gövhər Baxşəliyeva hesabat ilində 1924 əsərin nəşr olunduğunu bildirib. Bunlardan 84 kitab (5-i xaricdə), 58 monoqrafiya (6-sı xaricdə), 1277 məqalə (321-i xaricdə), 498 tezis (170-i xaricdə), 15 dərslik və dərs vəsaiti,  85 məqalənin isə impakt faktorlu jurnalda dərc olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, bölmə əməkdaşlarının əsərlərinə 1316 istinadın qeydə alındığını vurğulayıb.

Cari ildə İctimai Elmlər Bölməsi üzrə 26 beynəlxalq, 21 respublika konfransı, 20 elmi seminar, 13 elmi  sessiya,  38 dəyirmi masa, 13 təqdimat mərasim, institutların Elmi şuralarının 44 iclasının keçirildiyini bildirib. Bundan başqa, bölmənin elmi tədqiqat müəssisələrində 15 mühüm nəticə əldə edildiyini, 18 kənar təşkilatlardan mühüm nəticə daxil olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən müəssisənin direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vurğulayıb ki, hesabat ilində institutda çap olunan fundamental elmi əsərlər, eləcə də tədqiqatlar ölkə rəhbərliyinin çağırışına, tapşırıq və tövsiyələrinə əsaslanıb. O, həmçinin institut əməkdaşlarının Böyük Qayıdışla bağlı görülən və görülməsi nəzərdə tutulan işlərdən, institutun bir sıra problemlərindən söz açıb.

Professor Kərim Şükürov “Heydər Əliyev İli” və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi bağlı institutda “Heydər Əliyevin regionun inkişaf etdirilməsi siyasəti və müasir mərhələdə Azərbaycanın regional inkişafı”, “Heydər Əliyev irsi dünya arenasında”, “Heydər Əliyev: müasir Azərbaycan dövlətinin banisi”, “Şuşada bərpa və quruculuq işləri: nailiyyətlər və perspektivlər”, “Şuşa türk dünyası tarixində”, “Şuşa və türk dünyasında qardaşlaşmış şəhərlər: tarixi aspektləri”, “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzularında  keçirilmiş beynəlxalq və respublika səviyyəli elmi konfransların və müxtəlif tədbirlərin keçirildiyini, bir sıra kitabların nəşr olunduğunu bildirib. Onun sözlərinə görə, 2023-cü ildə Tarix İnstitutunda elmi tədqiqat işləri əsas iki istiqamət, 8 problem, 18 mövzu, 24 iş üzrə aparılıb və 3 mühüm nəticə əldə olunub. O, “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Heydər Əliyevin rolu (1960-1991)” monoqrafiyasını, “Azərbaycan Albanşünaslığının (Qafqaz) tarixinə dair (Dünya üzrə tədqiqatlar kontekstində xronoloji biblioqrafiya ilə)” kitabı, “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda keçirilmiş beynəlxalq konfransın materiallarını institutun ən mühüm nailiyyətləri adlandırıb, eləcə də qurumun beynəlxalq əlaqələrinə toxunub. Kərim Şükurov onu da bildirib ki, institutda cari ildə kitabların elektron nəşrləri həyata keçirilib və həmin kitablar müəssisənin rəsmi saytında yerləşdirilib. Hesabat ilində 434 əsərin çap olunnduğunu bildirib. Bunlardan 39 kitab, 21 (1-xaricdə), monoqrafiya (3-ü xaricdə),  198 məqalə (90-ı xaricdə), 182 tezisin 87-sinin xaricdə, 45-nin “Web of Science”, “Scopus” bazalarında nəşr olunduğunu bildirib.

Daha sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun hesabatını təqdim edən institutun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov qeyd edib ki, il ərzində elmi müəssisə əməkdaşları tərəfindən geniş çöl tədqiqatları, eləcə də antropoloji tədqiqatlar aparılıb. Alim cari ildə institutun elmi fəliyyətini Azərbaycanda arxeoloji, antropoloji tədqiqatlar istiqamətində davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, cari ildə arxeoloq alimlərin apardıqları əsas arxeoloji tədqiqatlar ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən aparılıb. Alim hesabat ilində institutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən Pənahəli Xanın sarayı və İmarət Kompleksində, Füzuli, Xocavənd, Zəngilan, Hadrudda, Şuşa ərazisində arxeoloji tədqiqat işlərinin aparıldığını və mühüm nəticələrin əldə olunduğunu bildirib.

Səfər Aşurov cari ildə ölkəmizin müxtəlif ərazilərində Azərbaycan-Almaniya, Azərbaycan-İtalya, Azərbaycan-Koreya, Azərbaycan-Yaponiya, Azərbaycan-Danimarka və.s beynəlxalq ekspedisiyanın fəaliyyət göstərdiyini vurğulayıb. Həmçinin instirutda cari ildə plandan əlavə AR Dövlət Turizm Agentliyinin maliyə dəstəyi Beşbarmaq qalası, Xınalıq nekropolunda, Şəkidə Gələsən Görəsən qalasında, Ağdamda və Hadrutda tədqiqatların aparıldığını bildirib. Alim eləcə də I Qarabağ savaşında əsir və girov götürülmüş vətəndaşlarla bağlı aparılan araşdırmalarında antropoloqların yaxından iştirak etdiyini qeyd edib.

Tədbirdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun hesabatını təqdim edən elmi müəssisənin direktor müavini filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü bildirib ki, cari ildə müəssisənin əməkdaşları çox məhsuldar və səmərəli fəaliyyət göstəriblər.

Hesabat ilində plan üzrə “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni, tarixi inkişafı və Azərbaycanla əlaqələri” elmi istiqaməti üzrə və 5 problem çərçivəsində 111 elmi-tədqiqat işi (51 iş tamamlanıb) başa çatdığını iclas iştirakçılarının diqqətinə çatdırıb. R.Cümşüdlü cari ildə instituda aktual məsələlərə həsr olunmuş konfransların keçirildiyini bildirib. Həm “Heydər Əliyev İli”, həm də “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” sərəncamlarına  uyğun olaraq, institutda səmərəli tədbirlərin həyata keçirildiyini bildirib. Bunlardan “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans, “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird respublika elmi-praktik konfransı, “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti”, “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzularında beynəlxalq elmi konfransın keçirildiyini diqqətə çatdırıb. “Şuşanın maddi-mədəni irsi” (epiqrafik abidələr əsasında) adlı 1 kitab, “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar və “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda elmi sessiya keçirildiyini, həmçinin  Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə “Zərifliyə ithafən” adlı sərgi təşkil olunduğunu bildirib. Bundan əlavə cari ildə institutda 476 əsərin çap olunduğnu virğulayıb. Bunlardan 29 kitab və  monoqrafiya (3-ü xaricdə),  385 məqalə (60-ı xaricdə), 65 tezis, 11-i xaricdə, 4 impakt faktorlu məqalədir. Onun sözlərinə görə instut əməkdaşların əsərlərinə 218 istinad edilib. R.Cümşüdlü hesabat ilində 3 mühüm nəticənin əldə edildiyini qeyd edib. Alim “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz), III və IV hissələr, “Şuşanın maddi-mədəni irsi” (epiqrafik abidələr əsasında), “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” elmi tədqiqat əsərləri institutun ən mühüm nəticələri sırasında olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Hesabat yığıncağında Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru İlham Məmmədzadə bildirib ki, cari ildə ölkə Prezidentinin “Heydər Əlyev İli” çərçivəsində  Sərəncamına uyğun olaraq, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”, “Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri”, Heydər Əliyevin 100 illiyinə və Fəlsəfə gününə həsr olunmuş “Universal dəyərlər və milli fəlsəfənin inkişaf problemləri”, “Azərbaycan-Türkiyə. “Bir millət, iki dövlət”in yenilməzlik fəlsəfəsi” mövzularında beynəlxalq konfranslar keçirilib. Həmçinin “Heydər Əliyev  İli” çərçivəsində 6 respublika  konfransının çox saylı elmi sessiya və seminarın, dəyirmi masaların təşkil olunduğunu qeyd edib.

Hesabat ilində 4 problem, 15 mövzu, 134 iş (134 iş tamamlanıb) üzərində elmi tədqiqat aparılığını vurğulayıb. Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə cari ildə institut əməkdaşlarının nəşriyyat fəaliyyətinin də qənaətbəxş olduğunu vurğulayıb. Cari ildə 584 elmi əsərin, 29 kitab və monoqrafiyanın (1-xaricdə) 474 məqalənin (95-i xaricdə),18 məqalənin impakt faktorlu jurnalda dərc olunduğunu diqqətə çatdırıb. Alim cari ildə institutda 4 mühüm nəticənin əldə edildiyini bildirib.

Hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm uğurlar qazanıldığını deyən alim xarici ölkələrin bir çox elmi mərkəzi ilə bağlanılan müqavilə və memorandumlara əsasən, öz işlərini davam etdirdiklərini bildirib. Elmmetrik bazalarda institut əməkdaşlarının fəaliyyətinin daha gücləndirildiyini vurğulayıb.

“Heydər Əliyev və İlham Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış”, “Teatr və proto-teatr: teatrın mahiyyəti və təşəkkül xüsusiyyətləri fəlsəfi refleksiya kontekstində”, “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və perspektívlər”, “Filosof və dövrü. Konseptual yanaşmalar” adlı kitab və monoqrafiyaların ilin mühüm nəticələri sırasına daxil olduğunu bildirib.

Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı hesabat  ilində institut əməkdaşlarının məhsuldar işlədiklərini diqqətə çatdırıb. 2023-cü ildə “Qafqaz dövlətlərinin daxili vəziyyəti”, “Qafqaz dövlətləri arasında münasibətlər və xarici ölkələrin region siyasəti” adlı 2 elmi istiqamət, 3 problem, 5 mövzuya dair 14 tədqiqat işi aparılıb. Elmi tədqiqat müəssisəsində 2 mühüm nəticənin əldə edildiyini diqqətə çatdırıb. Bildirib ki, “Heydər Əliyev və Qafqaz problemləri” kitabı, “Qafqazşünas alimlər tərəfindən Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2022-ci illər)” adlı monoqrafiya institutun 2023-cü il üzrə uğurlarındandır. Alim 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində 1 respublika konfransı, 1 dəyirmi masa, 1 kitabın çap olunduğunu bildirib. Bununla yanaşı, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini və materialarının çap olunduğunu bildirib.

Alim hesabat ilində institut əməkdaşları tərəfindən 172 əsərin işıq üzü gördüyünü qeyd edib. Bunlardan  11 kitab və monoqrafiyanın (3-ü xaricdə), 1 tədris metodiki vəsait, 65 məqalə (36-sı xaricdə), 95 tezis (26-sı xaricdə), 2 məqalənin “Web of Science”, “Scopus” bazalarında nəşr olunduğunu, əməkdaşların əsərlərinə isə 56 istinad edildiyini vurğulayıb. Bununla yanaşı, alim cari ildə Qafqazşünaslıq İnstitutunun beynəlxalq əlaqələrinin daha da genişləndirildiyini diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinə daxil olan İqtisadiyyat İnstitutunun direktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) cari il İqtisadiyyat İnstitutunda “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafin milli prioritetlərinin reallaşdırılması istiqamətləri (2022-2025-ci illər)” mövzusunda tədqiqatlar aparıldığını bildirib. Onun sözlərinə görə, institut öz tədqiqatlarında dövlət proqramlarının, strategiya və konsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələri əsas tutur. İnstitutun hazırda yerinə yetirdiyi elmi-tədqiqat istiqaməti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müəyyənləşdirib. İnstitutun əməkdaşları hökumət qurumlarının iqtisadiyyatla bağlı 10-dan artıq işçi qruplarında ekspert qismində təmsil olunurlar. İl ərzində hökumət qurumlarının (Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin) sifarişi ilə bir sıra layihələr həyata keçirilib və növbəti ildə də bu işlər davam etdiriləcək. 2023-cü ildə institutun əməkdaşları tərəfindən 7 monoqrafiya, 181 məqalə, beynəlxaq elmi bazalara (Web of Scinece, SCOPUS və s.) daxil olan jurnallarda 31 məqalə olmaqla, bütövlükdə xaricdə 55 əsər çap olunub.

Sonda İctimai Elmlər Bölməsinin 5 elmi-tədqiqat müəssisəsinin 2023-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlarının qəbul olunaraq, AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verilib.

Ümumi yığıncaqda bir sıra kadr məsələlərinə baxılıb, həmçinin akademik Tofiq Köçərlinin 95, AMEA-nın müxbir üzvü Məşədixanım Neymətovanın 100, akademik Yaqub Mahmudovun 85 illik yubileyləri haqqında məsələlər müzakirə edilib.

Download Template Joomla 3.0 free theme.