Konfransın açılışı AMEA-nın əsas binasında Dairəvi akt zalında baş tutub.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ölkə Prezidenti İlham Əliyevin 28 sentyabr 2023-cü il tarixli müvafiq Sərəncamı ilə görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun 100 illiyinin bütün ölkə səviyyəsində təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institut və təşkilatlarda da görkəmli alimin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin alimlərimizin Z.Bünyadova, onun yaradıcılığına olan ehtiramının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Akademik Ziya Bünyadovun ölkəmizdə özünəməxsus, bir çox istiqamətləri özündə birləşdirən, universal elmi məktəb yaratdığını deyən AMEA rəhbəri bu məktəbi xarakterizə edən əsas xüsusiyyətlərin tarixşünaslığı, mənbəşünaslığı və şərqşünaslığı bir araya gətirməsi ilə bağlı olduğunu diqqətə çatdırıb. Akademik əlavə edib ki, görkəmli elm xadiminin ərsəyə gətirdiyi qiymətli əsərlər ölkəmizdə bu gün də fundamental elmi tədqiqatlara bənzərsiz örnək kimi qəbul olunur.
Akademik vurğulayıb ki, akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” əsəri Azərbaycan dövlətçilik tarixinə, şəxsiyyətlərinə həsr olunmuş dəyərli elmi əsər kimi bu istiqamətdə sonrakı tədqiqatlar üçün zəmin yaratmış, tədqiqatçılara bələdçilik etmişdir. İsa Həbibbəylinin sözlərinə görə, görkəmli alimin Özbəkistanın Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər” əsəri Azərbaycanla yanaşı, Özbəkistanda da abidə-əsər kimi yüksək qiymətləndirilir.
Akademik vurğulayıb ki, müstəqillik uğrunda mübarizəmizin əsas simalarından biri kimi akademik Ziya Bünyadov Qarabağ probleminin həllində yaxından iştirak etmiş, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. O, 1937-ci ildə repressiya hadisələrinin sənədlər əsasında öyrənilməsinin əsasını qoyan ilk alim olmuş, eyni zamanda yarım əsrdən çox bir müddət ərzində AMEA-nın inkişafına da əvəzsiz töhfələr vermişdir.
O, həmçinin Milli Məclisin deputatı kimi ictimai-siyasi proseslərdə də yaxından iştirak etmiş, dövlətçiliyimizin möhkəmləndirilməsi uğrunda ümummilli lider Heydər Əliyevin ideyalarını dəstəkləmişdir.
Akademik İsa Həbibbəyli bu il 100 illiyi qeyd olunan görkəmli şəxsiyyət Ziya Bünyadovun yaradıcılığının geniş ictimaiyyətə çatdırılması, alimin indiyə qədər işıq üzü görməmiş dəyərli irsinin çap olunması istiqamətində AMEA-nın səylə çalışdığını qeyd edərək, bu istiqamətdə Rəyasət Heyəti tərəfindən müvafiq qərarların qəbul olunduğunu deyib.
AMEA prezidenti çıxışının sonunda bugünkü konfransda akademik Ziya Bünyadovun çoxcəhətli yaradıcılığının müxtəlif məqamları ilə bağlı əhəmiyyətli məruzələrin dinləniləcəyini qeyd edərək, konfransın işinə uğurlar arzu edib.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Elmi rəhbəri akademik Vitali Naumkinin videoçıxışı konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Akademik Ziya Bünyadovun postsovet məkanında və onun hüdudlarından kənarlarda, daha öncə isə Sovet İttifaqında tanınan görkəmli medievist ərəbşünas olduğunu deyən akademik V.Naumkin onun Qafqazın, Yaxın Şərqin, Ərəb dünyasının orta əsrlər tarixini araşdıran böyük alim kimi şərqşünaslıq elmində xidmətlərini qeyd edib. Ziya Bünyadovun Sovet İttifaqı Qəhrəmanı kimi çətin müharibə yolunu keçdiyini deyən akademik V.Naumkin onun həm də görkəmli ictimai və siyasi xadim olduğunu, Azərbaycan xalqının milli dirçəlişində mühüm rol oynadığını qeyd edib.
Açılışda çıxış edən İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid Ziya Bünyadovun adının Azərbaycan tarixində qızıl hərflərlə əbədiləşdirildiyini deyib, görkəmli alimin Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkə sərhədlərindən kənara çıxardığını qeyd edib.
Daha sonra məruzələrə başlanılıb.
AMEA-nın vitse-prezidenti v.i.e., akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva “Elmimizin Ziya Bünyadov zirvəsi” mövzusunda məruzə edib. Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi akademik Ziya Bünyadovun həyat və yaradıcılığının parlaq bir ömür olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirdiyini deyən akademik G.Baxşəliyeva onun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanındığını, elmi dairələrin və geniş oxucu kütlələrinin rəğbətini qazandığını qeyd edib.
Ziya Bünyadovun həyat yolundan bəhs edən akademik G.Baxşəliyeva görkəmli alimin elmi yaradıcılığının Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri istiqamətlərində inkişaf etdiyini bildirib.
Ziya Bünyadovun elmimizə töhfələri sırasında 1980-ci ildə Dövlət mükafatına layiq görüldüyü "Azərbaycan Atabəylər dövləti", onun Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan "Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər", eləcə də “Azərbaycan VII-IX əsrlərdə” kitabları barədə danışan məruzəçi qeyd edilən sonuncu monoqrafiyada akademikin xalqımızın etnogenezinə dair maraqlı fikirlərini diqqətə çatdırıb: “Bəzi alimlər kimi qəbul etmək ki, Azərbaycanın türkləşməsi XI-XII əsrlərdə baş verib, səhv olardı. Türkləri Azərbaycan ərazisinə gəlmə, yad etnos saymaq yenə səhvdir, bu halda çoxsaylı yerli türk qəbilələri nəzərə alınmır. Yalnız yerli türklərlə gəlmə türklər-cənubdan oğuzlarla və şimaldan qıpçaqlarla-qarışması nəticəsində türkdilli azərbaycanlı etnosunun formalaşması prosesi tamamlandı”.
Akademik G.Baxşəliyeva bildirib ki, daha sonra alimin çoxsaylı qədim mənbələrə əsaslanaraq ərəblərin VII əsrdə Azərbaycana gələndə, artıq burda tüklərlə qarşılaşdığını sübut etdiyini vurğulayıb.
Plenar iclasda həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı “Ziya Bünyadov – görkəmli mənbəşünas alim kimi”, Özbəkistan Milli Universiteti Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri professor Həmidulla Boltabayev “Mərkəzi Asiyanın mədəniyyəti tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında”, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin professoru Qulnoz Xalliyeva “Ziya Bünyadov və Avropa fondlarındakı Xarəzm əlyazmaları” mövzusunda məruzə ediblər.
Sonda Ziya Bünyadovun nəvəsi İsa Bünyadov akademikin ailəsi adından çıxış edərək Ziya Bünyadovun 100 illiyinin qeyd edilməsi ilə bağlı imzalanan Sərəncama görə ölkə Prezidenti İlham Əliyevə və konfransın keçirilməsinə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Konfrans öz işini Şərqşünaslıq İnstitutunda bölmə iclaslarında davam etdirib. Qeyd edək ki konfransa 218 iştirakçı, o cümlədən, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan 26 alim qatılıb. Konfransa dekabrın 21-də yekun vurulacaq.
