Hər il keçirilən və dünya siyasətçiləri, KİV nümayəndələri, ictimai xadimlər və dünya siyasəti tədqiqatçılarının mötəbər müzakirə səhnəsi olan budəfəki Doha Forumu BMT-in Baş katibi Antonio Quterrişin, Qətər, İordaniya, Fələstin muxtariyyatının baş nazirlərinin, bir çox ölkələrin xarici işlər, iqtisadi inkişaf və enerji sahələrinin nazirlərinin iştirakları ilə səciyyələnirdi. Forumu Qətər dövlətinin əmiri şeyx Təmim bin Həməd Əl Sani açıq elan edib. Forumun əsas mövzusu Yaxın Şərq münaqişələri və xüsusilə Fələstindəki qanlı qarşıdurma, münaqişələrlə bağlı humanitar böhran durumlarının aradan qaldırılması və dünya ictimaiyyətinin sülhün və əminamanlığın təmin olunmasında iradəsi və mümkün olan addımların atılması barədə olub. Azərbaycandan Foruma qatılan iştirakçılar arasında Xarici işlər nazirinin müavini Fariz Rzayev, Qətər dövlətində Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev, Beynəlxalq münasibətlərin təhlili İnstitutunun rəhbəri fövqəladə və salahiyyətli səfir Fərid Şəfiyev olublar. Şərqşümaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri t.ü.f.d. Fərda Əsədov Doha Forumunun müzakirələrində iştirak edib.