Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlərin məqalələri Türkiyədə “Akademik Tarih ve Düşünce Dergisi”ndə dərc olunub

14 Dekabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadənin və İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədovun məqalələri Türkiyədə “Akademik Tarih ve Düşünce Dergisi”ndə dərc olunub.



Aygün Əlizadənin “Şəhabəddin Söhrəvərdinin ədəbi irsinin sufi təfəkkür tarixində yeri” adlı məqaləsində bu böyük filosofun yeddi farsdilli sufi risaləsi tədqiqata cəlb olunub. Söhrəvərdinin sufi ədəbiyyatı sahəsində yaradıcılığını daha düzgün araşdırmaq üçün onun risalələri kompleks şəklində müqayisə edilib. Bir tərəfdən Söhrəvərdinin böyük filosof olması, digər tərəfdən əsərlərində işlətdiyi rəmz dili, eyni zamanda hər bir risalənin çox dərin bir mövzuya həsr olunduğu nəzərə alınaraq məqalədə hər bir risalənin sxemi ayrı-ayrı cədvəllər şəklində təqdim edilib ki, onların arasındakı müqayisələr dəqiq olsun. Bu yeddi əsər arasındakı oxşarlıqlar cədvəllərdə göstərilib. Əsərlərin arasında forma və məzmun baxımından fərqliliklər hər bir əsərin öz təhlilində qeyd olunub.

Vüqar Məmmədovun “Alınma dilçilik terminləri və fars dilini onlardan təmizləmək cəhdləri haqqında” adlı məqaləsində qeyd edilir ki, ərəb dilçiliyinin fars dilçiliyinin təşəkkülündə oynadığı mühüm rol nəticəsində bu elm sahəsinin terminologiyası da əsasən alınmalar hesabına formalaşıb və XX əsrin əvvəllərindən fars dili terminologiyasının alınmalardan təmizlənməsi prosesi başlanıb. Lakin bu zaman heç də həmişə terminoloji prinsiplərin gözlənilməməsi bu sahədə terminoloji nöqsanların geniş yayılmasına səbəb olub. Məqalədə fars dilçilik terminologiyası sahəsində bütün bu proses izlənilir, araşdırma zamanı əldə edilən nəticələr diqqətə çatdırılır. Müəllif fars dilçiliyində istifadə edilən alınma terminlərin dilin daxili imkanları hesabına əvəzlənməsi cəhdlərini konkret nümunələr əsasında təhlil edir, bu sahədə yaranmış nöqsanları üzə çıxarır və hər bir hala dair konkret çıxış yollarını göstərir.

Download Template Joomla 3.0 free theme.