AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova noyabrın 23-24-də Türkiyənin Ədirnə şəhərində Trakya Universitetinin təşkil etdiyi III Beynəlxalq Osmanlı İzləri Simpoziumunda iştirak edib. Şərqşünas alim onlayn qatıldığı simpoziumda “Osmanlı dövlətinə göndərilmiş bir hədiyyə: Kəşfü'l Həqayiq" kitabı” adlı məruzə ilə çıxış edib.
Məruzədə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müqəddəs kitabımız Quran-i Kərimin Azərbaycan türkcəsində təfsirinin 3 cildlik nəşrinin Osmanlı sultanı II Əbdülhəmid xana göndərilməsini əks etdirən Osmanlı arxiv sənədlərindən bəhs olunub. Məruzəçi bu məlumatların 4 sənəddə qeyd olunduğunu bildirib, bəzi hissələrin tərcüməsini göstərib və H.Z.Tağiyevin xeyriyyəçilk fəaliyyəti haqqında geniş məlumat verib.
