Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib. G.Baxşəliyeva bildirib ki, üç il öncə - 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimiz Ermənistan silahlı qüvvələrini darmadağın edərək nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdi. Bu şanlı Zəfər yolunun sonunda düşmən diz çökdürüldü, Şuşamız azad edildi. 2020-ci il noyabrın 8-də biz yenidən Şuşamıza qovuşduq.
“Bu gün biz 30 il gecə və gündüz səbirsizliklə gözlədiyimiz Zəfər bayramının üçüncü ildönümünü qeyd edirik. Şükürlər olsun ki, artıq Xankəndimiz də, Xocalımız da, bütün Qarabağımız erməni işğalından azad olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını işğaldan azad edilən bütün torpaqlarımızda ucaldıb. Bu gün şəhərlərimiz, kəndlərimiz bərpa edilir, böyük quruculuq işləri sürətlə aparılır, Böyük Qayıdış uğurla həyata keçirilir. Biz bütün bunlara xalq və iqtidar birliyi, Prezidentimizin rəhbərliyi ilə aparılan möhtəşəm ordu quruculuğu, daxili və xarici siyasət, mahir idarəçilik və diplomatiya, dahi uzaqgörənlik sayəsində çatdıq. Buna görə Müzəffər Ali Baş Komandanımıza, qalib ordumuza sonsuz minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə tezliklə şəfa arzulayırıq. Yaşasın Azərbaycan, onun Müzəffər Ali Baş Komandanı və qəhrəman Ordusu! Qarabağ – Azərbaycandır!”,- deyə akademik Gövhər Baxşəliyeva fikrini yekunlaşdırıb.