Kitab kitabxanaya Kanadada Cənubi Azərbaycan əsilli Yaşar Pur Əlinin nəşr etdirdiyi “Azerbaijan Post” qəzeti tərəfindən təqdim edilib. Kitabın Toronto Universitetinin kitabxanasına hədiyyə edilməsində məqsəd “Azərbaycan” qəzetinin məzmununun Torontodakı alimlər və tələbələr üçün əlçatan olmasıdır. Toronto Universitetinin kitabxanası Kanadanın ən böyük, mühüm kitabxanalarından biri hesab olunur. Bu kitabxana yalnız tədqiqatçılar tərəfindən istifadə olunur və ictimaiyyət üçün açıq deyil. Kitabxana 4,5 milyon çap mənbəsini əhatə edir.
Böyük əhəmiyyət kəsb edən, sənədli “Azərbaycan qəzeti” kitabı Toronto Universiteti kitabxanası tərəfindən təqdirəlayiq qarşılanıb, həmçinin kitabı hazırlayan Səməd Bayramzadəyə təşəkkürnamə təqdim olunub. Təşəkkür məktubunda deyilir: “Bu kitab Şimali Amerikada nadirdir və onu tapmaq çox çətindir, ona görə də onun əldə edilməsi Cənubi Azərbaycan tarixinin bu mühüm dövrünü burada tədqiq edən tədqiqatçılar üçün çox vacibdir. Bu gözəl əsərin ərsəyə gəlməsində göstərdiyiniz səylər çox təqdirəlayiqdir”
Qeyd edək ki, topluya qəzetin 1945-1946-cı illərdə nəşr edilmiş bütün sayları daxil edilib. “Azərbaycan” qəzeti 1945-1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində yaradılmış və cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib. “Azərbaycan” qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edərək kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzularını, uğrunda mübarizə apardığı müqəddəs məqsədi, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini hər bir sayında çox aydın bir şəkildə təqdim etdirib. “Azərbaycan” qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək (12 dekabr 1946-cı il) 370 sayı dərc edilib. “Azərbaycan” qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynayıb. Qəzetin 1945-1946-cı illərdə nəşr edilmiş bütün saylarını dörd cilddə yenidən çap etməkdə məqsəd Azərbaycan Milli Hökumətinin birillik fəaliyyəti dövründəki olayları, çoxşaxəli islahatları və azadlıq yolunda göstərilmiş qəhrəmanlıq və fədakarlıqları ilk mənbədə oxuculara, o dövrü tədqiq edənlərə və gənc nəslə çatdırmaqdır.
Onu da nəzərə çatdıraq ki, “Azərbaycan” qəzeti” kitabını Toronto Universitetinin kitabxanasına çatdıran “Azerbaijan Post” qəzetin təsisçisi və naşiri, 1973-cü ildə Təbriz şəhərində anadan olmuş, hazırda Kanada vətəndaşı olan Yaşar Pur Əlidir. peşəkar jurnalist, nasir və prodüserdir, 2009-2019-cu illər arasında “Heydər baba” qəzetinin 73 sayının çapına və yayılmasına nail olub. Təəssüf ki, maliyyə çətinlikləri üzündən qəzetin nəşri dayanıb.
Latın qrafikası ilə Azərbaycan, ərəb qrafikası (əski əlifba) ilə Azərbaycan, lazım olduğu qədər də fars və ingilis dillərində 32 səhifədə (16-sı rəngli və 16-sı ağ-qara) 5000 nüsxədə çap edilən “Azerbaijan Post” qəzeti Torontoda və Kanadanın bir çox digər şəhərlərinə yayımlanır.
Qəzetdə fars dilində gedən yazılar da Azərbaycan ruhunda və uğrundadır. Bundan məqsəd Azərbaycan türkcəsində oxuya bilməyən cənublu soydaşlarımızın da oxuyub məlumatlanması və faydalanmasıdır.
Qəzetdə müvafiq başlıqlar altında gedən mövzular Azərbaycan və Kanada xəbərlərinə, Azərbaycan Respublikasının uğurlarını Kanada və dünya ictimaiyyətinə çatdırmaq məsələlərinə, Cənubi Azərbaycanlıların milli və mədəni fəaliyyətlərinə, özəlliklə Torontoda yeni açılan “Azərbaycan evi”nin fəaliyyətini işıqlandırmağa, Cənubi Azərbaycanın incəsənət xadimlərinə, müğənni, şair və yazarlarına dəstək olmaq işinə, siyasi və ictimai təhlillərə, o cümlədən incəsənət, mədəniyyət və tarix məsələlərinə həsr olunur.
