Qonaqlar ilk olaraq AMEA Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevayla görüşdülər. G.Baxşəliyeva qonaqlara İnstitutda aparılan tədqiqatlar, nəşr olunan kitablar barədə ümumi məlumat verdi, onlara institut haqqında məlumatları əks etdirən bukletlər, institutda çap olunan kitablar hədiyyə etdi.
Daha sonra A.Kudelin və B.Babacanov Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşdülər. Qonaqları təqdim edən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə iki gün öncə bağlanmış əməkdaşlıq haqqında müqaviləni xatırlatdı və bu istiqamətdə görülməsi planlaşdırılan işlərdən söz açdı.
Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru akademik Aleksandr Kudelin rəhbərlik etdiyi elmi müəssisədə görülən işlərdən, o cümlədən özünün elmi tədqiqatlarından danışdı, İnstitutlar arasında əlaqələrin tarixindən söz açdı, akademik Ziya Bünyadov haqqında xatirələrini dilə gətirdi.
Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı professor Bəxtiyar Babacanov da çıxışında ölkəsində şərqşünaslıq sahəsində aparılan tədqiqatlardan danışdı, qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd etdi və bu sahədə Ziya Bünyadov qiraətlərinin mühüm rol oynadığını vurğuladı.
Qonaqlar daha sonra Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən akademik Ziya Bünyadov kabinetində oldular, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılıq yolunu əks etdirən stendlə tanış oldular, son illərdə institutda nəşr edilmiş monoqrafiyalara baxdılar.