Fars dilinin leksikasında geniş yer tutan ərəb alınma sözlərinin (I və II bab ərəb məsdərlərinin modelləri üzrə) fars dilinə nüfuz etməsi yolları və onların bu dilin sözyaradıcılığında oynadığı rola həsr olunmuş əsər giriş, üç fəsil, nəticə, iki əlavə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. «Giriş»də mövzunun aktuallığı, tədqiqat işinin məqsəd və vəzifəsi, elmi yeniliyi, metodologiyası, habelə nəzəri və praktik əhəmiyyəti araşdırılır.
Tədqiqat - fars dilində ərəb alınmaları – mövzusunun öyrənilməsinə həsr olunan bir sıra fars, Azərbaycan, rus və qərb şərqşünaslarının əsərləri fonunda tədqiq olunur.
Əsərin «I və II bab ərəb məsdərləri fars dilinin leksik vahidləri kimi» adlanan birinci fəslində ərəb alınma sözlər ümumi şəkildə təhlil olunur, sonra isə I və II bab ərəb məsdərlərinin ərəb dilində mövcud olan linqvistik modelləri və eləcə də onlardan fars dilində «vətəndaşlıq hüququ» kəsb etmiş modelləri araşdırılır. Bundan əlavə, burada bu sözlərin cümlədə işlənməsinə dair illüstrativ material da verilmişdir.
İkinci fəsildə fars dilinin sözyaradıcılığının əsas üsullarından sayılan affiksasiya üsulu haqqında məlumat öz əksini tapmışdır. Həmçinin burada fars dilinin ən aktiv affiksləri və eləcə də I və II bab ərəb məsdərlərinin köməyi ilə düzələn ərəb-fars hibrid sözlərinin siyahısı verilir və müvafiq linqvistik təhlil aparılır.
Üçüncü fəsil I və II bab ərəb məsdərlərinin fars dilinin mürəkkəb sözlərinin yaradılmasında iştirakına həsr olunmuşdur. Burada ərəb məsdərlərinin fars dilində mürəkkəb sözlərin əmələ gətirilməsində bir komponent kimi iştirakı şərh edilir. Fəslin birinci bölməsində ərəb məsdərləri və fars yarımaffikslərinin köməyi ilə düzələn sözlər, ikinci hissədə isə ərəb məsdərləri və müstəqil fars sözünün köməyi ilə düzələn sözlər araşdırmaya cəlb edilmişdir. Fəslin üçüncü bölməsində ərəb məsdərləri fars dilinin mürəkkəb-düzəltmə söz birləşmələrinin tərkib hissəsi olduğu faktlar fonunda tədqiq edilmişdir. Fəslin dördüncü bölməsi ərəb məsdərləri və fars köməkçi felindən düzələn mürəkkəb fellərin araşdırılmasına həsr olunmuşdur.
İşə iki əlavə də daxildir. Onlardan birincisində I və II bab ərəb məsdərləri və fars affiksi və ya yarımaffiksinin, yaxud müstəqil sözünün köməyi ilə düzələn ərəb-fars hibrid sözlərinin siyahısı verilir. İkinci əlavədə isə Azərbaycan dilində işlənən bu qəbil sözlərdən nümunələr gətirilir.
Qeyd olunmalıdır ki, fars dilində işlənən ərəb alınmaları, xüsusən də birinci və ikinci bab ərəb məsdər modelləri fars dilinin leksikoqrafiyasına daxil olduqdan sonra orada bir növ seyrçi rolunda çıxış etməmiş, əksinə, bu dilin zənginləşdirilməsinə güclü təkan vermişdir. Tədqiqatı məhz bu zənginləşməni, bu inkişafı əhatəli əks etdirən ilkin araşdırma hesab etmək olar.