Həmin dövrdə İranın geniş əraziləri xarici hərbçilərin özbaşınalıq səhnəsi olduğuna görə məhəlli üsyanlar baş verirdi. Ancaq bu dövrdə Urmuda baş vermiş fəlakətin şiddəti və bəlaların inanılmazlığı baxımından onları ölkənin başqa bölgələrində baş verənlərlə müqayisə etmək mümkün deyil. Həmin dövrdə İran Xarici İşlər Nazirliyinin Urmu İdarəsinin rəisi olmuş və bu hadisələri öz gözləri ilə görmüş Rəhmətulla xan Mütəmədülvüzaranın xatirələri buna canlı şahiddir. Şərqşünaslıq İnstitutunun elmi işçisi Şəmsi Əhmədov bu xatirələri fars dilindən tərcümə edərək Azərbaycan oxucusuna çatdırır.
Əsər giriş, 4 fəsil və epiloqdan ibarədir. 1-ci fəsildə 1918-ci ilin fevral-avqust aylarında Nəsranilərin gəlişindən bəhs edilir. 2-ci fəsil 1918-ci ilin may ayından 1919-cu ilin may ayına qədər baş verən hadisələri əhatə edir. Bundan sonrakı dövr növbəti ilin dekabrına qədər 3-cü fəsildə təsvir edilir. Burada əsasən daxili nifaqdan bəhs edilir. Sonuncu fəsildə 1921-ci ilin aprelindən 1922-ci ilin yanvarına qədər dövrdə baş verən hadisələr işıqlandırılır, İsmayıl ağanın üsyanından söz açılır.