Məruzədə qeyd edilib ki, tarixən və müasir dövrdə Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan kimi əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycan ərazisində üç mühüm din: zərdüştilik, xristianlıq və İslam dinləri mövcud olmuş və Azərbaycan xalqının təşəkkülündə böyük rol oynamışlar. Heç şübhəsiz ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuşdur. Müasir dövrdə isə bu ənənələr milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.
Məruzəçi daha sonra Orta əsr qarabağlı alimlər Mühyiddin Məhəmməd Qarabağinin (XVI) "Haşiyətu alə sadriş-şəriə" və Məhəmməd Vəli Qarabağinin (XVII) "Haşiyətu alə isbatil-vacib" əlyazma əsərləri əsasında qədim dövrlərdən etibarən Azərbaycanda multikultural və tolerantlıq ənənələrinin mövcud olduğunu və bu dəyərlərin nəzəri təşəkkülündə qarabağlı alimlərin xüsusi rolunu qeyd edib.
Məruzədə müasir dövr Qarabağda doğulmuş siyasi-ictimai xadimlər Nəcəf bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli, Üzeyr bəy Hacıbəyli və başqalarının mövzu ilə əlaqədər fikir və düşüncələri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
