Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası olub

22 Oktyabr 2026

Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

 

.

İclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin “Müasir Azərbaycan dövlətçiliyi tarixi Qarabağ münaqişəsi bucağından (1918–2023)” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə Azərbaycan dövlətçiliyi tarixi Qarabağ münaqişəsi kontekstində təhlil olunub, münaqişənin müxtəlif tarixi mərhələlərdə həllinə təsir göstərən altı əsas amil – dövlət, lider, ordu, xalq, millət və güzəşt məsələləri nəzərdən keçirilib.

Professor Solmaz Rüstəmova-Tohidi bildirib ki, dövlət milli maraqların müdafiəsinin əsas təminatıdır. O, 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhdud imkanlarına baxmayaraq, Qarabağ üzərində suveren hüquqlarını bərpa etmək və müdafiə etmək istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb. Sovet dövründə dövlət müstəqilliyinin olmamasının bu məsələdə Azərbaycanın siyasi iradəsini məhdudlaşdırdığını qeyd edən alim müstəqilliyin bərpasından sonra Qarabağ məsələsinin dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Məruzəçi siyasi liderliyin, güclü dövlət institutlarının və müasir ordunun milli məqsədlərə nail olunmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, 2020 və 2023-cü illərin hadisələri siyasi məqsədlərin həyata keçirilməsində dövlət institutlarının və ordunun əhəmiyyətini təsdiqləyib.

Professor xalqın dözümlülüyü və dövlətə dəstəyinin milli məqsədlərin reallaşdırılmasında mühüm dayaq olduğunu vurğulayıb. O, müharibələrin, qaçqınlıq və məcburi köçkünlük təcrübəsinin, eləcə də uzun illər davam edən gözləntilərin Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında mühüm yer tutduğunu qeyd edib.

Alim Qarabağ məsələsinin milli identikliyin, tarixi yaddaşın, Vətən anlayışının və dövlətçilik şüurunun formalaşmasına təsirindən də bəhs edib. Güzəşt amilini münaqişənin ən mürəkkəb komponentlərindən biri kimi səciyyələndirən məruzəçi Azərbaycanın müxtəlif tarixi mərhələlərdə siyasi, hərbi və geosiyasi məhdudiyyətlərlə üzləşdiyini bildirib.

Məruzədə vurğulanıb ki, Qarabağ məsələsinin həlli yalnız hərbi qələbənin nəticəsi deyil, həm də uzun illər ərzində dövlət institutlarının qurulmasının, siyasi liderliyin, ordunun inkişafının, xalqın dözümlülüyünün və milli həmrəyliyin məcmu nəticəsidir.

Məruzə ətrafında müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü Şahbaz Muradov çıxış edərək mövzunun aktuallığını vurğulayıb və fikirlərini bölüşüb.

İclasda, həmçinin bir sıra elmi-təşkilati məsələlərə baxılıb.

AMEA-nın İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində 2026-cı tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş doktorantların mövzularının təsdiqi məsələsi müzakirə edilib.

Bundan əlavə, bölmənin elmi-tədqiqat müəssisələri üzrə 2027-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planına dair təkliflər nəzərdən keçirilib, müvafiq qərar qəbul olunub və AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi və Qafqaz tarixi şöbələrinin bazasında Dünya və Qafqaz tarixi şöbəsinin yaradılması məsələsi də müzakirə olunub.

Download Template Joomla 3.0 free theme.