İnstitutun elmi işçisi Aygül Mirzəyeva konfransda “Türk və qaqauz dillərində toponimlərin linqvokulturoloji xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib. Coğrafi adların verilməsində xalqın sitayiş etdiyi din, mifologiya, adət-ənənələr, dünyagörüşünün təsiredici faktorlar sırasında olduğunu deyən məruzəçi iki qohum dilin lüğət tərkibində mövcud olan toponimlərin linqvokulturoloji baxımdan müqayisəsinin xalqların ortaq mədəni köklərinin müəyyənləşdirilməsi və fərqlərin üzə çıxarılmasında xüsusi rol oynadığını qeyd edib. Məruzədə türk və qaqauz toponimlərinin yaranmasında göstərilən amillərin təsirindən bəhs edilib.
İnstitutun əməkdaşı Faidə Omarova “Qıpçaq qrupu türk dillərində kök sözlərin derivasion potensialı və valentlik xüsusiyyətləri” mövzusunda məruzə edib. Məruzədə Qıpçaq qrupu türk dillərində söz yaradıcılığı prosesləri, kök sözlərin yeni sözlər yaratmaq imkanları və şəkilçilərin funksional xüsusiyyətləri haqqında danışılıb, valentlik anlayışının dilin müxtəlif səviyyələrində təzahürü izah olunub, xüsusilə tatar və qırğız dillərində -la/-lə, -lan/-lən, -lı/-li şəkilçilərinin sözyaratma imkanları nümunələr əsasında təhlil edilib. Məruzəçi bu şəkilçilərin müxtəlif söz əsaslarına qoşularaq fərqli semantik çalarlı sözlər yaratdığını və türk dillərinin lüğət tərkibinin inkişafında mühüm rol oynadığı göstərib.
Arzu Məmmədzadənin “Azərbaycan və özbək atalar sözlərində qadın və ailə dəyərlərinin əksi” mövzusunda məruzəsi Azərbaycan və özbək xalqlarının ortaq tarixi köklərə, oxşar mədəniyyət ənənələrinə və islam dəyərlərinə malik şifahi xalq ədəbiyyatında qadının həyatda və cəmiyyətdə roluna, ailəqurma məsələlərinin müqayisəli öyrənilməsinə həsr olunub. Məruzəçi hər iki xalqın təfəkküründə və həyat tərzində qadın obrazının atalar sözü və məsəllərdə necə əks olunduğunu nəzərdən keçirib.
Ülviyyə Eminova “Əbdülhaq Hamid Tarhan və Hüseyn Cavid dramlarında hökmdar obrazları” mövzusunda məruzəsində bu ədiblərin əsərlərində hökmdar obrazlarının hakimiyyət, ədalət və mənəvi məsuliyyət ideyalarını əks etdirdiyini, Tarhanın “Eşber”, “Sardanapal”, Cavidin isə “Topal Teymur” və “Səyavuş” əsərlərində hökmdarların qərarlarının, xarakterlərinin və insan taleyinə təsirlərinin ön plana çəkildiyini qeyd edib. Ü.Eminova hər iki dramaturqun hökmdarın böyüklüyünün yalnız qüdrəti ilə deyil, həm də mənəvi dəyərləri və xalq qarşısında məsuliyyəti ilə ölçüldüyünü göstərib.



