Məruzəçi qeyd edib ki, müasir informasiya cəmiyyətində rəqəmsal platformalar gənclərin dünyagörüşünün, dəyər sisteminin və davranış modellərinin formalaşmasında mühüm rol oynayan amillərdən birinə çevrilmişdir. Bu platformalar bir tərəfdən dini və mənəvi maarifçiliyin geniş auditoriyaya çatdırılması, milli-mənəvi dəyərlərin təbliği və mədəni irsin qorunması üçün əlverişli imkanlar yaradır, digər tərəfdən isə dezinformasiya, manipulyasiya, radikal ideologiyaların yayılması, mənəvi aşınma və asılılıq kimi riskləri də artırır.
Məruzədə bundan əlavə, rəqəmsal platformaların gənclərin mənəvi dünyagörüşünə müsbət və mənfi təsirlərini qeyd etdikdən sonra, rəqəmsal mühitdə sağlam maarifçiliyin və media savadlılığının əhəmiyyəti haqqında söhbət açılıb. Həmçinin vurğulanıb ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı rəqəmsal platformaları gündəlik həyatın ayrılmaz hissəsinə çevirmişdir. Xüsusilə gənclər müxtəlif sosial platformalar vasitəsilə informasiya əldə edir, ünsiyyət qurur, fikir mübadiləsi aparır və ictimai proseslərdə iştirak edirlər. Rəqəmsal mühit onların dünyaya baxışına, həyat tərzinə və mənəvi dəyərlərinə əhəmiyyətli təsir göstərir.
Bildirilib ki, rəqəmsal platformalar artıq yalnız ünsiyyət vasitəsi deyil, həm də ictimai rəyin formalaşdığı, mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi və dəyərlərin ötürüldüyü mühüm sosial məkandır. Buna görə də onun gənclərin mənəvi inkişafına təsirinin elmi şəkildə öyrənilməsi xüsusi aktuallıq kəsb edir.



