Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva deyib.
Dosent vurğulayıb ki, Nizaminin çoxyönlü təsir dairəsinə ilk dövrlərdə türk və fars dillərində yazan məsnəvi və divan ədəbiyyatının nümayəndələri daxil olsa da, daha sonralar bu təsir dairəsinə Şərqin və Qərbin müxtəlif dil və üslublarında yazıb-yaradan qələm əhli qoşuldu.
“Seyid Yəhyanın irfani məzmunlu mirası isə sələfindən fərqli olaraq, təkcə farsdilli deyil, həm də üçdilli (fars, türk və ərəb) idi. Onun risalələri dövrünün tələbinə uyğun olaraq, daha çox farsca yazılsa da, Balkanlardan Özbəkistanadək çox böyük bir coğrafiyada Türk dünyasının mütəfəkkirlərinə təsir etdi, ədəbi və irfani məzmunlu mətnlərin ideyasını istiqamətləndirdi. Mütəfəkkir, həmçinin irfani-nəzəri bazasını təkmilləşdirdiyi xəlvətilik təriqəti vasitəsilə ərəb və farsdilli məkanda da bəzən birbaşa öz düşüncələri, bəzən də ardıcılları vasitəsilə nüfuz dairəsi yaratdı. Hər iki mütəfəkkirimizin şəxsiyyəti və əsərləri təkcə ideoloji sahəyə təsir etmədi, nəticə etibarilə həm də Azərbaycan xalqının Nizami vasitəsilə Avropadan Uzaq Şərqə, Seyid Yəhya vasitəsilə həm də Şimali Afrikayadək çox böyük coğrafi məkanda söz sahibi olduğunu göstərir”, - deyə S.Şıxıyeva əlavə edib.
Müxbir – Fidan Əlizadə
