Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşları Lefkoşada beynəlxalq konfransda məruzə ediblər

09 Dekabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahanə Şahbazova və elmi işçisi Fidan Nəsirova Yaxın Şərq Universiteti, Rumi Araşdırmalar Mərkəzi, Xəzər Universiteti, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində keçirilən X Beynəlxalq Rumi Konfransında iştirak ediblər.

 

Şahanə Şahbazova “Mövlana Cəlaləddinin ərəb dilində şeirləri: mövzu və struktur xüsusiyyətləri” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Cəlaləddin Ruminin istər nəsr əsərlərində, istər şeirlərində ərəb beytlərinə rast gəlinir. Şəms Külliyatı adalandırılan “Divani-Kəbir”də min beytdən çox ərəbcə qəzəl var. Bu şeirlər bəziləri sırf ərəbcə, bəziləri isə fars dilində beytlər ilə cilalanmış şəkildə, yaxud farsca ya türkcə təbirlər və sətirlərlə qarışmış şəkildə gəlib. Onun ərəbcə sufi qəzəlləri diqqətə layiq parçalardır və sübut edir ki Mövlana təkcə qədim və müasiri olduğu ərəb mədəni irsi ilə tanış deyildi, eyni zamanda şeir meydanında da ərəbcə özünün ifadə etmək qüdrətinə sahib idi. 

Məruzçi qeyd edib ki, Rumi Məsnəvidəki bəzi ərəb şeirlərinin məzmununu müəyyən mistik anlayışların ifadəsinə həsr etmiş və bu mənada teoloji vəziyyətdə ərəb dilində ifadə olunmağa layiq hesab etdiyi məqamları vurğulamışdır. Vəhyin, imanın, Quranın dili olan ərəbcə özlüyündə bir müqəddəslik daşıyır ki, bunu insan beyni özü idrak etmədən onu cəzb eləyir.

Mövlananın ərəbcə şeirlərinin bədii və üslubi cəhətdən farsca şeirlərindən fərqli olduğunu deyən Ş.Şahbazoba bildirib ki, onların bəziləri kamildirsə, bəzilərində əruz və dil üslubunda ixtilaflar var. Ərəbcə şeirlərini Mövlana rəməl bəhrində yazıb. Bu bəhr ona təfilələri nizamsız işlətməsinə qadağa qoymurdu ki, bu fars əruzu üçün xarterik deyil. Bütün bunlarla bərabər həmin əsərlər də şairin irfani irsindən qalmış qiymətli mirasdır. Və ərəb poeziyasının üslubu, musiqi zənginliyi və mövzu rəngarəngliyi ilə bərabər Məsnəvini gözəllik səltənətinə yüksəldir.

Dünyanın müxtəlif ölkələrinin tanınmış alim və araşdırmaçılarının da qatıldığı nüfuzlu konfransda “Nəfslə savaşdakı qalibiyyət və ya Mövlana baxış prizmasında sülh” adlı məruzə ilə çıxış edən Fidan Nəsirova Ruminin “Məsnəvi” əsərini kamil insan modelinin formalaşdırılmasında həm universal, həm də uşaqlar üçün mənəvi-əxlaqi tərbiyə mənbəyi kimi dəyərləndirib.

Məruzədə müasir dünyada artmaqda olan münaqişələr, mənəvi deqradasiya və humanitar böhranlar fonunda insan amilinin həlledici əhəmiyyəti, “sağlam uşaq=sağlam cəmiyyət” konseptual gerçəkliyi xüsusi vurğulanaraq sülh, barış və tolerantlıq ideyalarının pedaqoji-etik potensialından söz açılıb.

Rumi baxış bucağından sülhün müharibənin yoxluğu kimi deyil, insanın daxili varlığında birliyin və hüzurun dərk edilməsi kimi izahı dinləyicilərin nəzər-diqqətinə çatdırılıb. Rumi nəfsə qalib gəlməyi, mənəvi təmizlənməni, xeyir seçimini və başqası ilə anlaşma bacarığını əsas sülh modelləri kimi təqdim edir.

 

Məruzədə müasir qlobal xaos – regional münaqişələrin çoxluğu, humanitar böhranlar, ekoloji tənəzzül və insanın süni intellektlə əvəz olunması təhlükəsi – Ruminin bəşəriyyət üçün aktuallığını daha da artıran faktlar kimi şərh edilir. Nəticə olaraq, Mövlananın mənəviyyat mərkəzli fəlsəfəsinin uşaqlarda şəfqət, humanizm və barış mədəniyyətinin formalaşdırılmasında strateji əhəmiyyətə malik olduğu qənaətinə gəlinir və “özünə qayıdış – ilahi eşq – təbiət harmoniyası” üçlüyünün insanlığın nicat modeli kimi irəli sürüldüyü vurğulanır.

 

Download Template Joomla 3.0 free theme.