Kitabda Türk ədəbiyyatının geniş coğrafiya boyunca – Orxon-Yenisey abidələrindən başlayaraq Anadolu, Azərbaycan, Orta Asiya, Qafqaz, İdil-Ural və Balkanlara qədər – keçdiyi inkişaf yolu bir xəritə kimi təqdim olunur. Əsərdə Yunus Əmrə, Füzuli, Nizami, Əlişir Nəvai, Abay, Çingiz Aytmatov kimi böyük şəxsiyyətlərin yaratdığı ədəbi ənənələr müqayisəli şəkildə araşdırılır və ümumi bir mənzərə daxilində izah edilir. Bu tədqiqat yalnız elm üçün nəzərdə tutulmuş bir mənbə deyil, həm də Türk dünyasının mədəni yaddaşını yaşadan və gələcək nəsillərə ötürməyi qarşısına məqsəd qoyan bir əsərdir.
Tədbirin açılışında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev, kitabın Türk xalqları üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, TÜRKSOY-un əsas məqsədi türk xalqlarının mədəniyyətini, incəsənətini, dilini və ortaq dəyərlərini qoruyub yaşatmaqdır və Elman Quliyevin bu işi həmin missiyanın dəyərli bir hissəsidir. Sultan Raev kitabın geniş coğrafiyada yaşayan Türk xalqlarının ədəbiyyatını vahid şəkildə əks etdirdiyini və bunun ortaq kimlik və mədəni bağların gücünü bir daha göstərdiyini qeyd edib.
Professor Şükrü Haluk Akalın çıxışında kitabın nəşrinin xüsusi bir dövrə təsadüf etdiyini bildirərək, UNESCO-nun 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan etməsinə və 2026-cı ildə Bakıda keçiriləcək Birinci Türkologiya Qurultayının 100 illiyinə diqqəti çəkib.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinin professoru Fırat Purtaş və Ankara Universitetinin magistrantı Tural Qafarlı kitabı müxtəlif aspektlərdən – elmi baxışdan, mədəni dəyər və gənclərin perspektivindən – qiymətləndiriblər.
Professor Elman Quliyev isə çıxışında 30 ildən çox araşdırma təcrübəsinə söykənən bu kitabın Türk dünyasının ədəbi mənzərəsini vahid şəkildə anlamağa kömək edəcəyinə ümid etdiyini söyləyib.
Tədbirin sonunda Türk dünyasının mədəniyyət və ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə professor Elman Quliyev TÜRKSOY medalı ilə təltif olunub.
