Şəmsi Pənah oğlu Əhmədov 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Kərki kəndində anadan olub. 1-ci sinfi Sədərəkdə, 2–4-cü sinifləri Naxçıvanda, 5–10 sinifləri Ordubad internat məktəbində oxuyub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirib. Orta, orta-ixtisas, ali məktəblərdə dərs deyib. Əfqanıstanda müşavir aparatında işləyib, İran, Türkiyə, Rusiyada yaşayıb, Avropanın bir neçə ölkəsində olub.
1986–1989-cu illərdə Naxçıvan şəhəri 1 saylı orta-məktəbində dərs hissə müdiri, 1987–1991-ci illərdə Naxçıvan MR Beynəlmiləl Hərbçilər Şurasının sədri, 1987–1991-ci illərdə Naxçıvan Vilayət Komsomol Komitəsində büro üzvü, 1988–1990-cu illərdə OADKYC Naxçıvan Şəhər Komitəsinin sədri, 1990-cı ildə "Şəfqət" xeyriyyə cəmiyyətində işlər müdiri, 1991–2004-ci illərdə "Səfəvi" assosiasiyasının sədri, 1991–1996-cı illərdə Naxçıvan MR Nazirlər Kabinetində Hərbi Səfərbərlik şöbəsinin rəisi; 1997–1998-ci illərdə Naxçıvan MR Turizm İdarəsində tərcüməçi, 1998-ci ildə Naxçıvan MR Antiinhisar Komitəsi KOSİA-nın direktoru, 2001–2003-ci illərdə İİR Naxçıvan Baş Konsulluğunda tərcüməçi, 2005–2008-ci illərdə AMEA Naxçıvan Bölməsində elmi işçi, 2006–2008-ci illərdə Naxçıvan Özəl Universitetində müəllim, 2007–2010-ci illərdə "Kanal 35", "ANS" və "Space" televiziyalarında tərcüməçi, 2008–2009-cu illərdə "Qlobal Biznes Servis"də tərcüməçi işləyib. 2009-cu ildən ömrünün sonuna kimi AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda işləyib.
Elmi yaradıcılığının əsas istiqaməti klassik Azərbaycan və farsdilli ədəbiyyat, səfərnamə və xatirə ədəbiyyatının ilkin mənbədən-əlyazmadan tədqiqi, tərcüməsi, transliterasiyası, nəşri, sağlamlıq nəzəriyyələri və filmlərin tərcüməsidir. 5718.01-Dünya ədəbiyyatı (fars ədəbiyyatı) və 5716.01-Azərbaycan ədəbiyyatı ixtisasları üzrə "Mirzə Müslüm Qüdsi "Divan"ının filoloji tədqiqi" mövzusunda müdafiə etdiyi dissertasiya işini ədəbiyyat və mədəniyyət tariximizə düşməmiş M.M.Q.İrəvaninin Təbriz Milli Kitabxanasında saxlanılan "Divan"ının yeganə əlyazma nüsxəsi əsasında işləyib.
"XIX əsr İrəvan ədəbi mühiti (farsdilli mənbələr əsasında)" elmlər doktorluğu mövzusu üzərində işləyirdi. Azərbaycan, rus, türk, fars, tacik, dəri və ingilis dillərini bilirdi. 80-dən artıq elmi və publisistik məqaləsi, o cümlədən, 20 kitabı çap olunub. “Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı” (2017) monoqrafiyasının müəllifidir. “Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi” (2021), “Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri” (2021), “Süleyman xan Dərgah. Səfərnamə” (2014), “Rəhmətulla xan. Urmu dünyanı yandıran müharibədə” (2017), “Cemelli Kareri. Səfərnamə” (2019), “Avqust Benton. Səfərnamə” (2021) kitabları Şəmsi Əhmədovun geniş ön sözü və tərcüməsi ilə elmi ictimaiyyətə təqdim edilib. Həmçinin “Rudolf Broys. Sağalmaz hesab olunan xəstəliklərin təbii vasitələrlə müalicəsi, “Kneyp Sebastian. Mənim su ilə müalicəm”, “Leons Karliye. Şəfalı göyərti, tərəvəz və meyvələr” kitablarını Azərbaycan dilinə, “Azərbaycan mətbəxi” kitabını fars dilinə tərcümə edib. 100-ə qədər filmi rus və fars dillərindən Azərbaycan dilinə tərcümə edib.
Müharibə iştirakçısı olub. "Qırmızı ulduz" ordeni və medallarla təltif olunub.
Şəmsi Pənah oğlu Əhmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
