Namiq Məmmədov konfransda "Heydər Əliyevin neft strategiyası və Türkiyə" mövzusunda məruzə edib. Məruzədə Ulu Öndər Heydər Əliyevin neft strategiyası, onun əsas məqsədi və vəzifələri, Azərbaycanın neft yataqlarının işlənməsi üçün beynəlxalq neft şirkətləri ilə imzalanmış müqavilələr və Türkiyənin həmin müqavilələrdə iştirakı, neftin nəqli və BTC neft kəmərinin çəkilməsi üçün atılmış addımlar və bunun nəticələri, o cümlədən neft müqavilələrinin Türkiyənin neft probleminin həlli istiqamətindəki əhəmiyyətinfən bəhs edilib, gələcək perspektivlər təhlil edilib.
Elnur Mustafayev konfransda "Azərbaycan Respublikasının dini məbədlərə qayğısı kontekstində milli-mənəvi dəyərlərimiz" adlı məruzəsi ilə çıxış edib. Şərqşünas alim öz məruzəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasında və tolerantlıq mühitinin möhkəmləndirilməsində müstəsna rolundan bəhs edib. E.Mustafayev qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra, ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Məruzəçi Ulu Öndərin Qafqazda İslamın yayılma tarixinin öyrənilməsinə, bu sahədə tədqiqatların aparılmasına xüsusi diqqət verdiyini vurğulayıb. Bildirib ki, Ulu Öndər ölkəmizdə dini ibadət ocaqlarının inşasına, təmir və bərpasına xüsusi əhəmiyyət verirdi.


