Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AMEA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU İLƏ ÇİN İCTİMAİ ELMLƏR AKADEMİYASI ARASINDA ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLDİ

27 May 2016

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) rəhbər heyətindən ibarət bir qrup alim mayın 27-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu. Nümayəndə heyətinə ÇİEA-nın vitse-prezidenti Tsay Fan, həmin akademiyanın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, akademiyanın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunsyuan və ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Tszin Çje daxil idi.

 

Görüşdə AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, İnstitutun direktoru müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev və İnstitutun Asiya – Sakit Okean regionu ölkələri şöbəsinin müdiri, c.ü.f.d. Rafiq Abbasov iştirak edirdilər.

Qonaqları salamlayan Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva ilk olaraq Azərbaycan və Çin arasında siyasi, iqtisadi, elmi əlaqələrin inkişafından söz açdı, daha sonra çinli alimlərə rəhbərlik etdiyi institutda aparılan tədqiqatların istiqamətləri barədə məlumat verdi. G.Baxşəliyeva ənənəvi olaraq fars, türk və ərəb dili, ədəbiyyatı və müvafiq ölkələrin tarixi sahəsində tədqiqatların aparıldığı Şərqşünaslıq İnstitutunda son zamanlar Uzaq Şərq ölkələrinin də tədqiqinə başlanıldığını qeyd edərək, Asiya – Sakit Okean regionu ölkələri şöbəsində regionun bir çox ölkələri, o cümlədən Çinlə bağlı tədqiqatların aparıldığını bildirdi. Gövhər xanım çinli qonaqlara Şərqşünaslıq İnstitutu haqqında ətraflı məlumatın dərc olunduğu ingilis dilində buklet və İnstitutda hazırlanmış «Çin Xalq Respublikası» adlı məlumat kitabını təqdim etdi.

Şərqşünaslıq İnstitutunun Asiya – Sakit Okean regionu ölkələri şöbəsinin müdiri Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi şöbənin fəaliyyəti barədə məlumat verdi. Rafiq müəllim şöbədə Çinin və digər region ölkələrinin dili, ədəbiyyatı, qədim tarixi və müasir inkişafına dair tədqiqatların aparıldığını bildirdi. Çinşünas alim R.Abbasov özünün hazırladığı və Çin-Azərbaycan münasibətlərinə həsr olunmuş «İlham Əliyev – qədim xalqların dostluğunun müasir davamçısı» adlı kitabı və ölkəmizdə bu sahədə ilk olan «Çin dili» dərsliyi barədə də danışdı.

Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev Çinlə Avropanı birləşdirən və Azərbaycandan keçən İpək Yolu barədə söz açaraq, bu mövzunun elmi cəhətdən öyrənilməsinin həm Çin, həm də Azərbaycan üçün əhəmiyyətindən danışdı. Bu sahədə görülən elmi işlər barədə söz açan Ş.Mustafayev özünün də bu mövzuda yazdığı məqalələri qeyd etdi.

ÇİEA-nın vitse-prezidenti Tsay Fan elmi müəssisələr arasında əməkdaşlığın perspektivindən söz açaraq, təmsil etdiyi Akademiyada tez-tez iqtisadi inkişafla, çinşünaslıqla bağlı seminarların, kursların keçirildiyini bildirərək, gənc Azərbaycan alimlərinin də belə tədbirlərdə iştirakını arzu etdiyini qeyd etdi.

ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunsyuan rəhbərlik etdiyi elmi müəssisədə Mərkəzi Asiya və Qafqaz ölkələrini tədqiq edən şöbənin fəaliyyətindən söz açaraq, burada Azərbaycanla bağlı kadr və ədəbiyyat çatışmazlığından danışdı.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova görüşün çox məhsuldar keçdiyini qeyd etdi və elmi müəssisələr arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirdi.

Görüşün sonunda ÇİEA-nın vitse-prezidenti Tsay Fan Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevaya xatirə hədiyyəsi təqdim etdi.

Download Template Joomla 3.0 free theme.