Konfransın təşkilində AMEA-nın Şərqşünaslıq İnstitutu ilə yanaşı, Misir Ərəb Respublikası Bint Bələd qubernatorluğu Qadınlar Cəmiyyəti, Rusiya Federasiyası Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutu, İraq Strateji Araşdırmalar Mərkəzi və Çin Xalq Respublikasının Hebey Universiteti də iştirak edir.
Konfransa Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alim qatılıb.
Konfransın açılışında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli oftalmoloq alim və ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladaraq, bununla əlaqədar ölkəmizdə, o cümlədən AMEA-da bir sıra tədbirlərin, konfransların keçirildiyini qeyd edib. Akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstəliklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən danışan akademik İsa Həbibbəyli Zərifə Əliyevanın gözün peşə və irsi xəstəliklərinə, sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə dair fundamental tədqiqatlarının olduğunu vurğulayıb, Fiziologiya İnstitutunda Zərifə Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılan laboratoriyada dəyərli araşdırmaların aparıldığını qeyd edib.
AMEA-nın vitse-prezidenti, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva qadın azadlığı, qadının cəmiyyətdə və ailədə rolu, onun təhsilinin, ictimai həyatda iştirakı, gender bərabərliyi və digər məsələlərin istər Qərbdə, istərsə də Şərqdə mütərəqqi ideyalar daşıyıcılarını, maarifpərvər ziyalıları daim düşündürdüyünü, çoxsaylı bədii əsərlərin mövzusu olduğunu, tarixin müxtəlif mərhələlərindən keçərək bərabərsizliklə üzləşən qadınların öz hüquqları uğrunda mübarizə apardıqlarını deyib: “Hazırda dünyanın əksər ölkələrində qadınlar kişilərlə bərabər hüquq əldə edərək, bir çox uğurlara imza atmışlar və həyatın ən müxtəlif sahələrində öz sözünü deməyə müvəffəq olmuşlar. Bu baxımdan konfransımızın əhatə etdiyi mövzular - tarix və ədəbiyyatda qadın, elmdə və təhsildə qadın, incəsənət və mədəniyyətdə qadın, günümüzdə qadın, müasir dövrdə qadın problemləri – dəyişən dünyada qadının rolunu hərtərəfli işıqlandırmağa imkan verəcək”.
Konfransın 100 illik yubileyinə həsr olunduğu görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın səhiyyə tarixində əvəzedilməz yerinin, oftalmologiya sahəsində geniş elmi axtarışlarının, tədqiqatlarının olduğunu qeyd edən akademik G.Baxşəliyeva Zərifə xanımın timsalında ideal qadın və əsl Azərbaycan xanımı obrazının canlandığını deyib.
Daha sonra konfransın təşkilatçıları olan xarici elmi və ictimai qurumların nümayəndələrinin videoçıxışları təqdim edilib.
Rusiya Federasiyası Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti tarix üzrə elmlər doktoru, professor İqor Turitsin qadın hərəkatının Qərbdə təşəkkülü tarixindən danışaraq, Şərqdə bu hərəkatın nisbətən sonra başlandığını qeyd edib, əvvəlki əsrlərdə Şərqlə yanaşı Qərbdə də qadın hüquqlarının qorunmadığını bildirib. Rusiyada ötən əsrin əvvəllərindən qadınların fəallığının artmasından danışan İ.Turitsin, onların ictimai-siyasi həyatda rolundan bəhs edib.
Misir Ərəb Respublikası Bint Bələd qubernatorluğu üzrə Qadınlar Cəmiyyətinin vitse-prezidenti professor Əmirə Əbdulhəkim konfransın təşkilatçılarına təşəkkürünü bildirərək, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş konfransda qadınlarla bağlı mövzularda məruzələrin səsləndirilməsinin əhəmiyyətini qeyd edib.
Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktor müavini iqtisadiyyat üzrə elmlər doktoru Duysen Qalımjan müasir dünyada geosiyasi risklərin və insanların həyat və fəaliyyətinin dayanıqlığının artması şəraitində sülhün, xeyirxahlığın və inkişafın rəmzi kimi çıxış edə bilən qadınların ictimai həyatda rolundan danışıb. Tarixin qadınların qlobal inkişaf yolunda əzmkarlıq, fədakarlıq nümunələri ilə zəngin olduğunu deyən D.Qalımjan tarixdə İsa preyğəmbərin anası Məryəm, Məhəmməd preyğəmbərin qızı Fatimə, eləcə də Tomris, İndira Qandi, Marqaret Tetçer, Binəzir Bhuttonun və digər qadınların rolunu qeyd edib.
Daha sonra məruzələrə başlanılıb. AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə “Birinci vitse-prezidentliyə gələn yol və gender siyasəti”, Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı “İslamda qadın hüquqları və gender bərabərliyi”, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti, AMEA-nın müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadə “Qadına fəlsəfi baxış” mövzusunda məruzələr ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam edib. Konfransa martın 7-də yekun vurulacaq.

