Milli özünüdərk xalqın bir millət olaraq formalaşmasının ən mühüm aspektlərindən biri kimi çıxış edir. Xarici təcavüz, əsarət və milli birliklərin assimilyasiyası, mədəniyyət və ya fiziki baxımdan məhvolma təhlükəsini daşıyan müstəmləkələşdirmə kimi amillər adətən milli özünüdərkin inkişafını bu və ya digər şəkildə şərtləndirir və bir çox hallarda sürətləndirir. Bu kimi şəraitlərdə milli özünüdərk sürətlənmiş, hətta iqtisadi birliyin ümumiliyini təmin etmiş və millətin təşəkkülü işi yüksək səviyyədə həyata keçmişdir.
Məlumdur ki, dövründən asılı olmayaraq, hər bir xalq özünəməxsus dərketmə dövrü və mərhələlərindən keçir. Torpaq və ərazi o zaman vətənə, yurda çevrilir ki, cəmiyyətdə milli birlik və dövlətçilik şüuru formalaşsın. Milli birlik sonralar milli ideala çevrilərək hər hansı bir xalqın tarixdəki yerini və rolunu müəyyən edir. Milli ideal xalqların, millətlərin ən qədim dövründə özünü müxtəlif şəkildə təzahür etdirir. Özündən asılı olmayaraq vətənini sevmək, yaxud vətənin, yurdun başı üstünü qara buludlar alarkən onun müdafiəsinə qalxmaq, onu qorumaq, nə isə etmək hisslərini dərketmənin ən qədim və sadə formalarından biri hesab etmək olar.
Ümumiyyətlə, milli özünüdərkin strukturuna müxtəlif kanonlar və stereotiplər daxildir. Milli şüur bu və ya digər milli-etnik birliyin ümumiləşdirilmiş baxışlarını, münasibət və təsəvvürlərini özündə əks etdirir. Milli özünüdərk isə fərdiyyətçilik baxımından şəxsidir, hər şeydən öncə, müəyyən bir fərd, hər hansı bir milli etnik qrupun təmsilçisi tərəfindən milli şüurun müəyyən tərkib hissələrinin qavrama səviyyəsini ifadə edir. Bu zaman millətin hər bir təmsilçisi özünü onun bir hissəsi kimi başa düşür və milli mədəniyyətin daşıyıcısı olur.
Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Min illər öncə bu torpaqlarda yaranmış zərdüştilikdə Xeyirlə Şərin əbədi mübarizəsi və Xeyirin Şər üzərində qələbəsi ideyası bütün dünya xalqlarının fəlsəfi fikrinə dərin təsir edib. Bəli, Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Heydər Əliyev 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-ni Azərbaycan Gənclər Günü elan edərək qeyd etmişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"
Dövlətimizin gənclər siyasəti ilə qarşıya qoyduğu əsas prinsiplər 5 istiqaməti əhatə edir və bunlar aşağdıkalardan ibarətdir:
- Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək;
- Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək;
- Gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək;
- Gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq;
- Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq.
Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artmasına səbəb olmuşdur. Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki səmərəliliyini xeyli dərəcədə yüksəltmişdir. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib.
Vətən müharibəsində gənclərin rolundan danışmasaq böyük qəbahət olar. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı işğaldan azad edilmiş ərazilərdə öz qanları bahasına dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. 44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. 44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünya səs saldı. Mübaliğəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardı. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Gənclər bükülmüş belimizi dikəltdilər, mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır! İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də, müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər!
Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.
Elnur Mustafayev
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d.
https://xalqqazeti.com