Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA 21 AZƏR SOYQIRIMINA HƏSR EDİLMİŞ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

27 Mart 2017

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda törədilmiş soyqırımı ilə bağlı kitab işıq üzü görüb. Cənubi Azərbaycandan olan tədqiqatçı Hüseyn Əlizadənin (Barış Mərəndli) İranın internet saytlarında yayımladığı “21 Azər” soyqırımı (1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar)” əsərini Şərqşünaslıq İnstitutunun əməkdaşı Saleh Dostəliyev fars dilindən Azərbaycan dilinə tərcümə edib.

 

Kitab Pəhləvi şah rejimi dövründə İranda öz milli və mədəni hüquqlarını qorumaq uğrunda mübarizəyə qalxmış və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə 12 dekabr (şəmsi təqvimi ilə “21 Azər” günü) 1945-ci il tarixində Milli Hökümət  qurmuş xalqımıza və onun vətənpərvər övladlarına qarşı 1946-1947-ci illərdə rejim tərəfindən soyuqqanlıqla və qəddarlıqla törədilən  kütləvi qırğınlar, qətl və qarətlərin tarixi təhlilinə həsr edilib. Bugünə qədər az məlum olan, elmi ədəbiyyatda kifayət qədər işıqlandırılmayan, sözün əsl mənasında soyqırımı mahiyyəti daşıyan bu olaylar haqqında məlumat toplamaq məqsədi ilə müəllif hadisə iştirakçıları və şahidlərinin xatirələrindən, uzun bir dövr ərzində çap edilmiş müxtəlif və çoxlu sayda mətbuat orqanları səhifələrindəki materiallardan, həmin hadisələri əks etdirən gizli hərbi və polis raportlarından, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli-demokratik hərəkata həsr edilmiş elmi-tədqiqat əsərlərindən istifadə etmişdir.

Kitab giriş və 9 fəsildən ibarətdir. Kitabda 1946-1947-ci illər soyqırımının Zəncan, Miyana, Ərdəbil, Təbriz, Sərab, Urmiya, Xalxal, Marağa, Mərənd, Xoy, Meşkinşəhr, Astara, Əhər bölgələri üzrə araşdırması, həmin bölgələr üzrə şəhidlər haqqında məlumat təqdim edilir, “21 Azər” hadisələrində şahpərəst ruhanilərin, daxili və xarici qüvvələrin rolundan bəhs edilir.