Print this page

Şərqşünas alim Bağdadda keçirilən tədbirdə "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa" adlı məruzəsi ilə çıxış edib

20 Noyabr 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri fəl.ü.f.d. Elnur Mustafayev noyabrın 19-da İraq Respublikasının paytaxtı Bağdad şəhərində Azərbaycan Respublikasının İraqdakı Səfirliyi, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-İraq dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən  "Şuşa Azərbaycanın incisidir" mövzusunda tədbirdə iştirak edib.



Azərbaycanlı şərqşünas tədbirdə "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa" adlı məruzəsi ilə çıxış edib. E.Mustafayev  şəhərinin tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə bağlı bir sıra vacib mövzulara toxunduqdan sonra bu şəhərin bütün varlığı və maddi-mədəni irsi ilə Azərbaycan xalqına aid olduğunu qeyd edib.

Şərqşünas alim fürsətdən istifadə edərək mənfur düşmənlərimiz, ermənilərin müxtəlif dövrlərdə -1905, 1918, 1920, 1992-ci illərdə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətləri və erməni hərbi-siyasi hakimiyyətinin yürütdüyü işğalçılıq siyasəti ilə bağlı müfəssəl məlumatları iraqlı alim və ictimai-siyasi xadimlərinin nəzərinə çatdırıb.

Elnur Mustafayev həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun rəşadət və şücaəti nəticəsində işğal olunmuş torpaqlarımızın geri qaytarıldığını, Azərbaycan dövləti tərəfindən təkbaşına olaraq Beynəlxalq Təşkilatların bu münaqişə ilə bağlı çıxardığı bəyanatların müddəalarının həyata keçirildiyini və bununla haqq-ədalətin bərpa edildiyini də xüsusilə vurğulayıb. Bundan əlavə, o, məruzədə bir sıra mövzulara, zəfər günü, Azərbaycan-İraq dostluq əlaqələri və perspektivləri və sairə məsələlərə də toxunub.