Print this page

İranda türklərə qarşı ayrı-seçkilik

20 Noyabr 2022

Qonşu İranda son vaxtlar baş verən kütləvi narazılıqıarın və keçirilən etiraz aksiyalarının bir səbəbi də ölkədə on illər boyu hökm sürmüş milli-etnik ayrı-seçkilikdir. Pəhləvilərin şahlıq rejiminin dövlət siyasəti səviyyəsinə yüksəltmiş olduğu milli ədalətsizliyin 1979-cu il inqilabından sonra da müxtəlif formalarda davam etdirilməsinin dözülməz məngənəsində sıxılan, milli hüquqları bütünlüklə tapdalanan, ölkənin ən böyük toplumu olan türkdilli əhalidir.

 

-Müsahibimiz - iranşünas alim, AMEA-nın Şərqşünaslıq İnstitutunun  Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə bu antihumanist siyasətin tarixi kökləri və mahiyyəti barədə suallarımızı cavablandırdı:

- XX əsrin birinci yarısında İranda dövlət çevrilişi yolu ilə Qacar türklərinin hakimiyyətinə son qoymuş və hakimiyyəti Pəhləvi sülaləsi adından idarə etmiş Rza şah və oğlu Məhəmməd Rza ölkədə sayına görə ən böyük xalq olan azərbaycanlılara qarşı bütün sahələrdə fars şovinizminin irticaçı ideoloji-təbliğat xəttini həyata keçirməklə, əməli olaraq onlara qarşı assimilyasiya siyasəti yürütməyə başladılar.  Azərbaycan bu davamlı və total ayrı-seçkilikdən çətin bir vəziyyətə düşdü. Yeni hökumət Azərbaycanı təzyiq altında saxlamaq üçün  bütün imkanlardan, xüsusilə də iqtisadi və mədəni vasitələrdən istifadə edirdi.

İran iqtisadiyyatında önəmli yerə və rola malik olan Azərbaycan 1925-ci ildə hakimiyyət başına gəlmiş Rza şahın 16 illik hakimiyyəti dövründə görünməmiş təzyiqlərə məruz qaldı. Bütün ticarət işlərinin Tehranda təmərküzləşməsi siyasəti ölkə iqtisadiyyatında və eyni zamanda, İranın daxili və xarici iqtisadi əlaqələrinin inkişaf istiqamətlərinin yönləndirilməsində  xüsusi çəkisi olan Təbriz tacirlərinin mövqeyinə də ciddi zərər vurdu.

Sovet İttifaqı da bu vəziyyətin gərginləşdirilməsində maraqlı idi. 1921-ci ildən sonrakı onillikdə sovet dövləti İranla ticarət  dövriyyəsini tədricən azaltdı. Buna görə də SSRİ ilə müştərək sərhəd zonasında yerləşən Cənubi Azərbaycanda istehsalçılara və tacirlərə böyük ziyan dəydi. Beləliklə, Azərbaycan ölkə ticarətindəki öncüllüyünü, Təbriz isə xüsusi çəkisini əldən verdi. Nəticədə, Azərbaycanın çox fəal və onun iqtisadi həyatı üçün önəmli olan nümayəndələri Tehrana köç etməli oldular.

Rza şah özünün sənayeləşmə siyasətində də farsların məskun olduqları rayonların inkişafına daha çox önəm verirdi. Əsas xammal mənbəyinin Azərbaycanda olmasına baxmayaraq, İsfahan, Mazandaran kimi rayonlar İranın toxuculuq, Tehran isə ağır sənayenin mərkəzinə çevrildi. Rza şahın hakimiyyəti illərində  Azərbaycanın Təbriz, Urmiya, Miyandab və Marağa kimi şəhərlərində cəmi 4 yeni zavod tikilib istifadəyə verildi ki, bunun da yalnız ikisi dövlət tərəfindən maliyyələşdirilmişdi.

Bu siyasətin nəticəsində minlərlə insan öz yurd-yuvasından didərgin düşdü, iş dalınca farsların sayca çoxluq təşkil etdikləri sənaye mərkəzlərinə - İsfahan, Mazandaran və Tehran kimi şəhərlərə üz tutdular. Əslində, təbii assimilyasiya kimi görünən farslaşdırma siyasəti həyata keçirilirdi və beləliklə, azərbaycanlıların milli varlığı, milli kimliyi zərbə altına düşdü, aşındırıldı.

Pəhləvilərin iqtisadiyyat və ticarət sahəsində həyata keçirdiyi bu bədnam siyasət çoxsaylı azərbaycanlı əhalinin sosial şəraitini son həddə qədər pisləşdirdi. Üstəlik, ardıcıl baş verən daşqınlar, təbii fəlakətlər nəticəsində Azərbaycan vilayətlərində yollar, körpülər dağıldı və keçilməz hala düşdü. İçməli su və kanalizasiya sistemi yox dərəcəsində idi. Tibbi xidmətdən, demək olar ki, məhrum olan Azərbaycan əhalisi arasında kütləvi xəstəlik, epidemiya və ölüm halları çox yüksək səviyyədə idi.

Mədəniyyət sahəsinə gəlincə, Rza şah məhdud sayda liberal burjua ziyalıları üçün müəyyən imkanlar yaratdı. Demokratik ziyalıların elmi-mədəni inkişafı dövlətin hərtərəfli fəaliyyəti nəticəsində dayandırıldı. 1925-ci ildən Tehranda çıxan “Ayəndə” jurnalının redaktoru Mahmud Əfşar İran hakim dairələrinin mənafeyini və əsas məqsədini təmsil edən “Milli vəhdət” proqramını işləyib hazırlamışdı və orada deyilirdi: “Biz bütün rayonların və qəbilələrin vəhdətinə nail olmayınca, yəni hamını, tam mənada, iranlı etməyincə gələcəyimiz zülmətli olacaq. Hamımız bir nəfər kimi çalışmalıyıq ki, bütün İranda fars dili ümumi dil olsun və getdikcə əcnəbi dilləri sıxışdırıb çıxarsın”.

Mahmud Əfşarın baxışlarına görə, İranın istiqlalı və bütövlüyü üçün təhlükələr sırasında: ağ təhlükə (Rusiya); mavi təhlükə (İngiltərə); yaşıl təhlükə (ərəblər); qara təhlükə (daxili cəhalət və istibdad); sarı təhlükə (Osmanlı türkləri və şimal-qərb tatarları) ictimai-siyasi bəla kimi təsnif olunmuşdu. Bu dönük, farslaşmış türk ideoloqu yazırdı ki, “sarı təhlükə müvəqqəti bir təhlükə deyil, o, iranəsilli millət və xalqlar (iranlılar, əfqanlar, kürdlər, tatlar və taciklər) üçün milli və daimi bir təhlükədir”.

Bu problemi həll etmək üçün Mahmud Əfşar “Ayəndə” jurnalının 1926-ci ilki yaz nömrəsində çap olunmuş “Millətçilik və İranın vəhdəti” başlıqlı məqaləsində təklif edirdi ki, türk (Azərbaycan – S.B.) dilində danışmaq qadağan edilsin, türk dillilərin bir hissəsi farsdilli məntəqələrə köçürülsünlər, Azərbaycan adı yaddaşlardan silinsin və ölkənin inzibati-ərazi bölgüsündə bu ərazinin hüdudları (sərhədləri) dəyişdirilsin. Bu siyasət İranda mürtəce anti-türk şah rejimi devrilənədək yüksələn xətlə davam etmiş, ölkədə türkdilli əhalinin etnik-mədəni inkişafını bütünlüklə buxovlamışdır.

– Gözləmək olardı ki, İran inqilabından sonra qəbul edilmiş konstitusiyanın ölkə xalqlarına vəd etdiyi milli hüquqlar gerçəkləşəcək.

– Çox təəssüf ki, şah rejimini devirməkdə aparıcı rol oynamış türklərin milli haqları ötən 43 ildə də nəinki gerçəkləşmədi, etnik-mədəni ayrı-seçkilik hətta irqçilik axarında davam etdirildi. Bunun bir çox üzdəniraq nümunələri var. Məsələn, “İran” həftəlik qəzetinin 12 may 2006-cı il tarixli xüsusi buraxılışındakı “Uşaqlar və yeniyetmələr” səhifəsində komik məzmunda “Nə edək ki, böcəklər bizi də böcək etməsinlər?” sərlövhəli bir yazı dərc edilmişdi. Bu yazıda türklər böcək yerinə qoyulmuşdu: “Problem ondadır ki, böcək adam dilini başa düşəcək halda deyil. Böcək dilinin qrammatikası o qədər çətindir ki, böcəklərin səksən faizi özləri onu bilmirlər və başqa dillərdə danışmağa üstünlük verirlər. Böcəklər öz dillərini başa düşmədikləri halda, siz onu necə başa düşmək istəyirsiniz?!  Bu səbəbdən, danışıqlar dalana dirənir və şirin zorakılıq üsullarına ehtiyac vardır”.

Böcəklərlə mübarizə üçün təklif olunan üsullar (şirin zorakılıq üsulları) hökumətin siyasi və sivil müxalifəti aradan qaldırmaq üçün istifadə etdiyi üsullara bənzəyir. “İran” həftəlik qəzetinin xüsusi buraxılışındakı həmin yazını oxuyan hər kəs o zaman asanlıqla başa düşdü ki, burada hədəf Azərbaycan türkləridir.

Qəzetin naşirinin və müəllifinin həmin yazının türk xalqının reaksiyasını təsəvvür edə bilməmələrinin özü də hakim etnik qrup üçün türklərə qarşı cəmiyyətdə alçaldılma və ayrı-seçkilik məsələsinin sübutu idi. Belə faktların sayı nə birdir, nə də beş. Ona görə də Dünya Dəyərlər Təşkilatının İranı son dərəcə irqçi ölkə kimi təsnif edən araşdırmasına görə, bu ölkə dünyada bəşəri dəyərlərə ən az bağlı olan irqçi ölkələr sırasında 7-ci yerdədir.

İrandakı bütün qeyri-fars xalqlar, xüsusən də türklər öz çağdaş tarixi yaddaşlarında belə ziddiyyətli və qeyri-müəyyən davranışlarla tanışdırlar: bir tərəfdən onları “qeyrətli, vətənpərvər, İranın başı və bilicisi” kimi təqdim edirlər, digər tərəfdən də dövlət mediası, o cümlədən, radio və televiziya, mətbuat və dərsliklərdə həmişə alçaldılır, məsxərəyə qoyulur, eyni zamanda da onlar üçün öz iqtisadi, mədəni və sosial resurslarından və potensiallarından istifadə etmək imkanlarını məhdudlaşdırırlar.

Ölkədə hökm sürən şovinizmin ifşa edilməsinə, dövlətin irqçi planlarına qarşı türk (Azərbaycan) əhalinin etiraz və narazılıqlarına baxmayaraq, hər dəfə də bu ayrı-seçkiliyə, alçaldılmaya və bərabərsizliyə qarşı geniş aksiyaların qarşısı hökumət tərəfindən alınır.

– İran təkcə ölkəsindəki türklərə qarşı ayrı-seçkilik siyasəti yürütmür, bu xətti şimaldakl türk ölkəsinə - Azərbaycana qarşı da eyni amansızlıqla davam etdirir.

– Azərbaycanın bir əsrdə iki dəfə dövlət müstəqilliyini bərpa etməsini İranın rəsmi surətdə qısqanclıqla qarşılaması, son 30 ildə Ermənistanın işğalçılıq siyasətini açıq-gizli dəstəkləməsi, nəhayət, Qarabağ zəfərimizin yaratdığı reallığı qəbul etməyərək, Ermənistanla strateji müttəfiqlik qurması nəyə xidmət edir? Azərbaycan rəhbərliyi uzun illər bu siyasəti dözüm və müəyyən ümidlərlə qarşılasa da vəziyyət daha da pisləşdi. Bu vəziyyət cənubda yaşayan soydaşlarımızı da ciddi narahat edir. İrandakı davamlı ayrı-seçkiliyin, insan haqlarının pozulmasının kobud surətdə davam etməsi, eləcə də müstəqil Azərbaycana qarşı düşmənçilik addımları ölkədə daha ciddi narazılıqlara səbəb olmuş və hazırkı kütləvi etiraz aksiyalarında “Azadlıq, ədalət, milli hökumət!” şüarının davamlı səslənməsinə gətirib çıxarmışdır.

“Xalq qəzeti”