Print this page

Zəfər Günü ümumxalq birliyinin möhtəşəm təntənəsi kimi

11 Noyabr 2022

Ötən əsrin sonlarında Sovet İttifaqının süqut etməsi ilə dünyada baş verən geopolitik təbəddülat və qarma-qarışıq vəziyyəti fürsət bilən erməni hərbi-siyasi qruplaşmalarının terrorçu və işğalçı addımları Azərbaycan ərazisinin təxminən 20 faizinin itirilməsi ilə nəticələndi. Məlumdur ki, 30 il Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri qanunsuz fəaliyyət üçün istifadə edilirdi. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini, təbii sərvətlərini talan etmək və bu cinayətə xarici şirkətləri cəlb etməklə işğal faktını bərqərar etməyə çalışır və işğalçı rejimin dünya ictimaiyyəti tərəfindən tanınacağına ümid bəsləyirdi.

Bu fəaliyyətin həyata keçirilməsi yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunur və onların doğma yurdlarına qayıtmasına əlavə maneələr yaradırdı. 1990-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalisinin qeyri-qanuni məskunlaşdırılması ermənilərin “böyük Ermənistan” mifini reallaşdırmaq üçün Cənubi Qafqazda demoqrafik dəyişikliklər etmək istiqamətində uzun sürən cəhdlərinin başlanğıcı deyil, davamı idi.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev söyləyib. O bildirib ki, 1980-ci illərin sonlarında Ermənistanın Qarabağ ərazisinə olan iddiaları gücləndi və bu, yerli azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olundu. 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetirildiyi soyqırımı isə erməni qəddarlığının kulminasiya nöqtəsi idi.

Prezident İlham Əliyev Ermənistanın beynəlxalq normalara zidd olaraq törətdiyi və insanlıq faciələrinə, etnik təmizləmə və soyqırımına səbəb olmuş işğala ikili standartlarla yanaşmanın yolverilməzliyini dəfələrlə beynəlxalq kürsülərdən çox ətraflı və aydın bəyan edib. Öz havadarlarının maşasına çevrilmiş Ermənistan 2020-ci ilin iyulun 12-də Azərbaycanın dövlət sərhədini Tovuz istiqamətində pozaraq hücum etdi. Dörd günlük döyüşdə geri oturdulan düşmən dərs almayaraq sentyabrın 27-də bütün cəbhə boyu geniş təxribata keçdi. Bu təxribat həm dövlətimizin başçısının, həm də xalqımızın səbrini tükəndirdi. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatdı. Beləliklə, qalib ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə noyabrın 8-də Qarabağın tacı Şuşa işğaldan azad edildi və üçrəngli bayrağımız şəhərin mərkəzinə sancıldı. Bəli, bu tarixi zəfər xalq-dövlət-ordu birliyinin rəmzidir. 8 Noyabr – Zəfər Günü 44 günlük Vətən müharibəsində müqəddəs torpaq uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Azərbaycan dövlətçilik tarixində və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfər Günü ümumxalq birliyinin təzahürüdür.

Əlbəttə, xalqımızın mütləq qələbəsini şərtləndirən bir neçə amil vardır. Bunlardan ən ümdəsi isə təbii ki, milli özünüdərk və özünütəsdiq meyarlarıdır. Milli özünüdərk xalqın bir millət olaraq formalaşmasının ən mühüm aspektlərindən biri kimi çıxış edir. Xarici təcavüz, əsarət və milli birliklərin assimilyasiyası, mədəniyyət və ya fiziki baxımdan məhv olma təhlükəsini daşıyan müstəmləkələşdirmə kimi amillər adətən milli özünüdərkin inkişafını bu və ya digər şəkildə şərtləndirir və bir çox hallarda sürətləndirir. Bu kimi şəraitlərdə milli özünüdərk sürətlənmiş, hətta iqtisadi birliyin ümumiliyini təmin etmiş və millətin təşəkkülü işi yüksək səviyyədə həyata keçmişdir.

Məlumdur ki, dövründən asılı olmayaraq, hər bir xalq özünəməxsus dərketmə dövrü və mərhələlərindən keçir. Torpaq və ərazi o zaman vətənə, yurda çevrilir ki, cəmiyyətdə milli birlik və dövlətçilik şüuru formalaşsın. Milli birlik sonralar milli ideala çevrilərək hər hansı bir xalqın tarixdəki yerini və rolunu müəyyən edir. Milli ideal xalqların, millətlərin ən qədim dövründə özünü müxtəlif şəkildə təzahür etdirir. Özündən asılı olmayaraq vətənini sevmək, yaxud vətənin, yurdun başı üstünü qara buludlar alarkən onun müdafiəsinə qalxmaq, onu qorumaq, nə isə etmək hisslərini dərketmənin ən qədim və sadə formalarından biri hesab etmək olar. Ümumiyyətlə, milli özünüdərkin strukturuna müxtəlif kanonlar və stereotiplər daxildir. Milli şüur bu və ya digər milli-etnik birliyin ümumiləşdirilmiş baxışlarını, münasibət və təsəvvürlərini özündə əks etdirir. Bu zaman millətin hər bir təmsilçisi özünü onun bir hissəsi kimi başa düşür və milli mədəniyyətin daşıyıcısı olur.

Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopmuşdur. Min illər öncə bu torpaqlarda yaranmış zərdüştilikdə Xeyirlə Şərin əbədi mübarizəsi və Xeyirin Şər üzərində qələbəsi ideyası bütün dünya xalqlarının fəlsəfi fikrinə dərin təsir edib. Bəli, Azərbaycan insanı daim döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan xalqı böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan vətəndaşları da bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən ümumxalq birliyi müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıbdır. Azərbaycan xalqı öz həyatını qurarkən öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna xalqımızın yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.

“44 günlük Vətən müharibəsi Azərbaycan xalqında torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Xalqımızın bütün təbəqələri həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Müzəffər Ordumuz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı işğaldan azad edilmiş ərazilərdə öz qanları bahasına dalğalandırdı. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Ordumuzun göstərdiyi şücaət vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şəhidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Bu baxımından, birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. 44 günlük Vətən müharibəsində dəmir yumruq kimi birliyimiz dünyaya səs saldı. Mübaliğəsiz deyə bilərik ki, müzəffər Ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi dünyada heyrətlə qarşılandı. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlar idi. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Gənclər bükülmüş belimizi dikəltdilər, mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər və qəhrəman gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaq. İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəklənməsində də, müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər”, - deyə Elnur Mustafayev bildirib.