Həmin rəyi diqqətinizə çatdırırıq:
“Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə evsahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etməsi böyük əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin bu səfərinin əhəmiyyətini bir neçə mövqedən izah etmək mümkündür. Əvvəla, Əlcəzair Prezidenti Abdelmacid Təbbunun Azərbaycan Prezidenti
İlham Əliyevi Fəxri qonaq kimi sammitə dəvət etməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinə işarədir. Qeyd etmək lazımdır ki, bu yüksək əlaqələrin təzahürü həm ikili münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir.
Bu səfərin digər bir əhəmiyyətli tərəfi isə Azərbaycan Respublikasının istər ərəb ölkələri arasında, istər müsəlman dünyasında gündən-günə nüfuzunun artmasıdır. Belə ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun düşmən üzərində tarixi qələbəsi, eyni zamanda, 30 il ərzində erməni işğalına məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi ölkəmizi İslam dünyasında aparıcı və lider dövlətlərdən birinə çevirmişdir. Bu baxımdan, dövlətimizin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan İslam və ərəb dünyasında yeni mərhələyə qədəm qoymuşdur. Heç şübhəsiz ki, bu müdrik siyasət müxtəlif formatlarda dövlətimizin müsəlman və ərəb ölkələri ilə əlaqələrinin inkişafına təkan verəcəkdir”.