Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “NAZİM HİKMƏT - 120” ADLI BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB

27 Oktyabr 2022

Oktyabrın 26-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk ədəbiyyatının görkəmli nümayəndəsi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan, Türkiyə, Misir və İraqdan olan alimlərin iştirakı ilə keçirilən “Nazim Hikmət - 120” adlı konfransın açılışı AMEA-nın əsas binasındakı Akt zalında baş tutub.

 

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmətin təkcə Türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərdiyini deyib. Şeirdə yeni yollar açmış novator sənətkarın özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verdiyini söyləyən akademik G.Baxşəliyeva Nazim Hikmətin mübariz ictimai xadim, həm də istedadlı şair, nasir, dramaturq olduğunu deyərək, poeziyanın onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil etdiyini bildirib. Şairin iztirablı həyat yolundan danışan akademik G.Baxşəliyeva onun yaradıcılığından söz açarkən Azərbaycanla bağlı olan əsərlərinə xüsusi diqqət çəkib.

Sonra məruzələrə başlanılıb. Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, f.ü.f.d. dosent Səriyyə Gündoğdu “Çağdaş türk ədəbiyyatı və Nazim Hikmət” mövzusunda məruzə edib. Şairin tək Türk poeziyasına deyil, dünya ədəbiyyatına yenilik gətirdiyini deyən S.Gündoğdu bir çox şairlərin bu yeniliyi mənimsədiyini qeyd edib. Nazim Hikmətin Şərq ədəbiyyatına təsirindən ətraflı danışan məruzəçi, ilk növbədə İranda Nazim Hikmətlə bağlı ədəbi fəaliyyətdən, şairin əsərlərini fars dilinə tərcümələrindən, onunla bağlı elmi tədqiqatlardan söz açıb. S.Gündoğdu həmçinin ərəb şairlərinin Nazim Hikmətdən bəhrələnməsindən bəhs edib, onun ərəblər üçün hər şeydən əvvəl istiqlal şairi olmasını qeyd edib.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent Əflatun Baxşəliyev “Nazim Hikmət və  Səməd Vurğun”, Şərqşünaslıq İnstitutunun əməkdaşlarından f.ü.f.d., dosent Barat Osmanova “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, f.ü.f.d. Ülkər Səmədova “Dünya ədəbiyyatında Nazim Hikmət izləri”, Xanım Abdullayeva “Nazim Hikmət şeirlərində milli şüur” mövzusunda məruzə ediblər.

Konfrans öz işini Şərqşünaslıq İnstitutunda keçirilən bölmə iclasları ilə davam edib.