Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib. O bildirib ki, dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş ittifaq miqyasında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib. Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. O, elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçib, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəlib. Üç monoqrafiyanın “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılan bir çox elmi əsərlərin redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görüb.
Gövhər Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib. Onun bir alim kimi maraq dairəsi geniş və çoxşaxəli olub. Adı dünyaşöhrətli şərqşünaslarla bir sırada çəkilən Aida İmanquliyevanın tədqiqat sahəsi ərəb filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatıdır. Lakin alimin araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncənin hüdudlarına sığmır. Şərq-Qərb problematikasının bədii-romantik tərənnümü Aida xanımın yaradıcılığında müstəqil fəlsəfi problem kimi qoyulur və Şərq ilə Qərb düşüncələrinin vəhdət zərurəti elmi-fəlsəfi arqumentlərlə sübuta yetirilir. Belə ki, Aida xanım tədqiq etdiyi görkəmli şəxslərin xidmətlərini göstərməklə kifayətlənməyərək, özü də Şərq-Qərb probleminin həlli istiqamətində olduqca dəyərli fikirlər irəli sürüb. Alimin çoxsaylı elmi əsərlərində Şərq və Qərb mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə öyrənilməsi üçün çox mühüm zəmin yaradır və metodoloji əhəmiyyət daşıyır.
Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda ləyaqətlə təmsil edib. Görkəmli alim elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.
“Aida xanımla 15 il birgə çalışan bir insan kimi bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Ulu tanrı Aida xanıma yüksək şəxsi və intellektual keyfiyyətlərlə yanaşı, qibtə doğuran zahiri gözəllik də bəxş etmişdi. Təəssüf doğuran bircə odur ki, o özü bu günlərdə bizimlə deyil. Çox təəssüf... Onun yoxluğunun acısını biz bu gün də yaşayır, hiss edirik, vaxtsız itkisi ilə barışa bilmirik. Görkəmli şərqşünas alim, elm təşkilatçısı, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın əziz xatirəsi hər zaman onu sevənlərin, həmkarlarının qəlbində əbədi yaşayacaq. Şərqşünaslıq İnstitutunun kollektivi də hər il Aida xanımın doğum və xatirə günlərində onun məzarını ziyarət edir, xatirəsini ehtiramla anır. Allah Aida xanıma rəhmət eləsin”, - deyə akademik Gövhər Baxşəliyeva bildirib.