Print this page

İnqilab Vəlibəy oğlu Əlibəyov

07 Sentyabr 2022

Azərbaycan elminə ağır itki üz verib. Tanınmış şərqşünas alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor İnqilab Əlibəyov sentyabrın 1-də ömrünün 92-ci ilində dünyasını dəyişib.

 

İnqilab Vəlibəy oğlu Əlibəyov 1931-ci il yanvarın 22-də Quba şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1958-1960-cı illərdə SSRİ EA Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun aspitanturasında təhsil alıb. 1962-ci ildə “Türkiyədə dövlət kapitalizminin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1961-ci ilin may ayından ömrünün sonuna qədər AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik, böyük, aparıcı, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri vəzifələrində çalışıb.

1994-cü ildə “Türkiyədə etatizm” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

120-dən çox elmi əsərin, o cümlədən “Türkiyədə dövlət kapitalizmi” (rus dilində, Moskva, 1966), “Türkiyədə etatizm” (rus dilində, Bakı, 1994), “Türkiyədə xarici kapital” (rus dilində, Bakı, 2002) və həmmüəlliflikdə “İqtisadi tarix” (Bakı, 2008) monoqrafiyalarının müəllifidir.  

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2018-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!