Print this page

Şərqşünas alimin Tehranda “Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” adlı məqaləsi nəşr olunub

14 İyul 2022

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Tehranda yayımlanan “Xudafərin” jurnalında “Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” adlı məqaləsi nəşr olunub. Məqalədə I və II Qarabağ müharibəsi zamanı mülki və hərbi əsirlərlə rəftara əsasən Ermənistan dövlətinin bir daha təcavüzkar və terror dövləti olduğu tarixi fakt və sənədlərə istinad edilərək elmi cəhətdən sübut edilir.



Müəllif məqalədə qeyd edir ki, tarixdən bugünə kimi istər hərbçi, istərsə də mülki əsirlərlə rəftar ermənilərə həm yad bir hüquqi termindir, həm də ermənilərin düşünülmüş şəkildə insanlığa, bəşəriyyətə etdiyi cinayətlərdən birdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli və düşünülmüş şəkildə soyqırımı və vandalizm siyasətini yeridir. Minlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar, araşdırmalar, sənədlər, beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş - onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.

Bundan başqa məqalədə əsirlərlə rəftar və işgəncələr haqqında erməni vandalizmi faktları, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan faktların bir qismi, təcavüzkar Ermənistanın işğal zamanı əsir götürülmüş mülki əhaliyə qarşı terrorları, Azərbaycan Respublikasının əsir və girovlarla bağlı gördüyü tədbirlər, I Qarabağ müharibəsində ermənilərin insanlığa sığmayan hərəkətləri, girov saxlanılanlara münasibət və beynəlxalq hüquqda hansı qanunlarda öz əksini tapması və s. məsələlər nəzərdən keçirilir.