Print this page

Teymur Sadıqovun ibrişünaslığa növbəti töhfəsi – “Tanax”ın üçüncü hissəsi çapa hazırdır

30 İyun 2022

Azərbaycanda ibrişünaslıq üzrə dəyərli tədqiqatları və tərcümələri ilə tanınan mütəxəssis – AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov bu sahəyə yeni əhəmiyyətli töhfəsini vermək ərəfəsindədir.

 

İbrişünaslıq sahəsində ilkləri ilə seçilən, daha öncə Yəhudi dininin müqəddəs Kitabı “Tanax”ın birinci hissəsi «Tövrat»ı və ikinci hissəsi “Peyğəmbərlər” kitabını ilk dəfə olaraq orijinaldan Azərbaycan dilinə tərcümə edərək, nəfis tərtibatda ictimaiyyətin diqqətinə çatdıran alim bu dəfə “Tanax”ın sonuncu - üçüncü hissəsi olan «Yazılar» kitabını tərcümə edib və yaxın vaxtlarda çapa təqdim etməyə hazırlaşır.

Dünyanın bir necə dillərinə tərcümə olunmuş «Yazılar» kitabı indiyədək ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə Azərbaycan dilinə tərcümə edilməmişdi. Multikultural Azərbaycan cəmiyyətində Yəhudi dininin müqəddəs Kitabları “Tövrat”ın və “Peyğəmbərlər”in tərcüməsindən sonra “Tanax”ın üçüncü hissəsi olan «Yazılar» kitabının tərcüməsinə ehtiyac var idi. Akademik səviyyədə yerinə yetirilmiş bu tərcümədən sonra Azərbaycan ədəbiyyatında və şərqşünaslıq elmində yeni-yeni müqayisəli mövzular və tədqiqat işlərinin meydana çıxacağı şübhəsizdir. Müqəddəs “Tövrat” və “Peyğəmbərlər” kitabının Azərbaycan dilinə tərcüməsindən sonra «Yazılar» kitabının tərcüməsi istər sadə oxucular, istərsə də mütəxəssislər tərəfindən çox böyük maraqla qarşılanacaq. Bununla yanaşı, «Yazılar» kitabının digər dinlərə aid dini kitablarla (təfsirlərlə, hədislərlə) müqayisəli şəkildə tədqiqatı və yaxud bu dini kitabların hər hansı bir sahəsinin elmi səviyyədə araşdırılması oxucular arasında maraq doğuracaqdır.

Beləliklə, akademik Gövhər xanım Baxşəliyevanın rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq Yəhudi dinin müqəddəs Kitablar toplusunun tərcüməsi tamamlanır.

Yəhudi dininin müqəddəs yazılar toplusunu özündə cəmləşdirən “Tanax”ın üçüncü və sonuncu hissəsi olan “Ktuvim – Yazılar” kitabı dərin mənəvi-fəlsəfi mənadan, habelə mənəvi-etik nəsihətlərdən ibarətdir. “Yazılar” kitabı “Tanax”da “Tövrat” və “Peyğəmbərlər” kitablarından sonra gəlir. “Tanax”ın bu hissəsinə 11 kitab daxildir. Bütün bu kitabların əsas prinsipi ondan ibarətdir ki, bu kitablar Ruax Hakodeş - Müqəddəs Ruhun (Cəbrayıl məleykənin vasitəsilə) təsiri altında yazılıbdır. Hesab edilir ki, əgər bir kitab və ya fikir insan müdrikliyi nəticəsində mütləq həqiqəti açıqlayırsa, deməli burada mütləq Müqəddəs Ruhun təsiri mövcuddur. Çünki Müqəddəs Ruhun iştirakı olmadan bəşər övladının belə bir mərhələyə çatması mümkün deyil.

Burada fəlsəfi fikirlərlə bərabər, həm də yəhudi tarixinin müxtəlif dövrlərində baş vermiş hadisələrdən də bəhs edilir.

Tanaxın ilk kitabı “Tövrat”ın Azərbaycan dilinə tərcüməsini Teymur Sadıqov 2019-cu ildə nəşr etdirib. Həmin kitaba “Ön söz”ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıblar. Nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur. Kitab Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

  “Tövrat”ın tərcüməsinə mütərcim tərəfindən 2014-cü ildən başlanıb və 2019-cu ildə tamamlanıb. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, Teymur Sadıqovun ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi ona yəhudi dilinə aid təfsirlərə, şərhlərə və ümumilikdə bu mövzu ilə bağlı əsərlərə müraciət etməklə bu problemləri həll etmək imkanı verib. Burada məhz yəhudi alimlərinin, ravinlərinin və müdriklərinin fikirləri əsas tutulur.

«Tanax»ın ikinci hissəsi olan «Peyğəmbərlər» kitabının redaktoru akademik Gövhər Baxşəliyevadır. Ön söz mütərcim, dosent Teymur Sadıqov tərəfindən yazılıb. Məsləhətçi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix İlxanoviçdir.

 «Peyğəmbərlər» kitabı da dünyanın bir necə dilinə tərcümə edilib. Lakin Azərbaycan dilində «Peyğəmbərlər» kitabının ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi yox idi.

«Peyğəmbərlər» kitabının özündə cəmləşdirdiyi kitablar əsasən tarixin xronoloji bir dövrünü əhatə edir. Kitab iki bölməyə bölünür. Birinci bölmə əsasən tarixi xüsusiyyət daşıyır. İkinci bölmə isə əsasən təbliğçilik xüsusiyyətli peyğəmbərliklərdən ibarətdir. Burada əsasən Musa peyğəmbərdən sonra müəyyən bir dövr ərzində gələn peyğəmbərlərdən və ümumən baş verən hadisələrdən məlumat verilir.

Teymur Sadıqovun elmi tədqiqatları barədə də məlumat vermək istərdik.

2015-ci ildə Teymur Sadıqovun ilk elmi əsəri “Ərəb və ibri dillərində müəyyənlik və qeyri-müəyyənlik kateqoriyalarının qarşılıqlı əlaqələri” adlı kitabı  akademik Vasim Məmmədəliyevin redaktorluğu ilə çap olunub.

2017-ci ildə Gürcüstan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə Tbilisi şəhərində Teymur Sadıqovun rus dilində “Сопоставление определенного артикля, слитных местоимений с именами и предлогами, а также употребление имен в сопряженной конструкции в арабском языке и в иврите” (Ərəb və İbri dillərində müəyyənlik artiklın isimlərlə və önlüklərlə işlənən bitişən əvəzliklərin həmçinin təyini söz birləşməsinin müqayisəli şəkildə istifadə olunması) monoqrafiyası işıq üzü görüb.

 

Kitabın redaktoru akademik Lamara Qiorqaşvili, rəyçilər akademik Ketevan Baxtadze və akademik Neli Çafidzedir. Kitabda Azərbaycanda ilk dəfə olaraq ərəb və ibri dillərində müəyyənlik artiklinin, bitişik əvəzliklərin həmçinin isimlərin  morfologiya və sintaksis baxımından müqayisəsi aparılır.

2018-ci ildə Teymur Sadıqovun “Ərəb və İbri dillərinin müqayisəli qrammatikası (morfologiya və sintaksis)” kitabı Türkiyənin İstanbul şəhərində türk dilində nəşr edilib.

Kitabın ön sözünün müəllifi akademik Gövhər Baxşəliyevadır. Tədqiqat eyni kökə malik 2 qohum dilin - ərəb və ibri dillərin müəyyənlik və qeyri müəyyənlik kateqoriyalarından bəhs edir. Əsərdə bu dillərə morfologiya, sintaksis və semantika baxımından müqayisəli bir yanaşma sərgilənir.