Print this page

TARİXÇİ ALİM HÜSEYN DƏLİLİNİN ŞƏXSİ ARXİVİ VƏ KİTABXANASI ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNA TƏQDİM EDİLİB

30 İyun 2022

Tanınmış tarixçi alim Hüseyn Dəlilinin şəxsi arxivində olan kitab və əlyazmaların bir qismi AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuna təqdim  edilib. Bu münasibətlə iyunun 28-də Şərqşünaslıq İnstitutunda tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Təbrizdə anadan olan Hüseyn Dəlilinin həyat və fəaliyyətindən danışaraq, onun Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmimizə verdiyi töhfələrdən bəhs edib. Akademik G.Baxşəliyeva H.Dəlilinin zəngin şəxsi arxivə və kitabxanaya malik olduğunu və bunların bir hissəsinin ABŞ-da yaşayan həkim qızı İradə Dəlili tərəfindən instituta təqdim edildiyini bildirib, bu kitab və əlyazmaların tədqiqatçılar üçün böyük dəyərinin olduğunu qeyd edib.

Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi tədbirdə çıxış edərək Hüseyn Dəlilinin həyat yolu, fəaliyyəti, elmi yaradıcılığı barədə ətraflı məlumat verib.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev, Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə, Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə elmlər doktoru Eynulla Mədətli, tanınmış yazıçı, publisist, jurnalist Həmid Herisçi və başqaları çıxış edərək, Hüseyn Dəlilinin ictimai fəaliyyəti, elmi yaradıcılığı barədə yüksək fikirlər söyləyiblər, alimin Şərqşünaslıq İnstitutuna təqdim edilən kitab və əlyazmaların əhəmiyyətini qeyd ediblər.

Sonda Hüseyn Dəlilinin qızı İradə Dəlili tədbirin təşkilatçılarına, iştirakçılara və çıxış edənlərə ailəsi adından dərin təşəkkürünü bildirib.