Görüşdə Şərqşünaslıq İnstitutunun Polşanın elm və təhsil müəssisələri ilə əlaqələrindən, eləcə də bu əlaqələrin gələcək genişləndirilməsi perspektivlərindən söhbət açılıb. Akademik G.Baxşəliyeva bildirib ki, Şərqşünaslıq İnstitutunun Polşa Elmlər Akademiyasının Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutu və Varşava Universitetinin Şərqşünaslıq Fakültəsi ilə əlaqələri mövcuddur. 2016-cı ildə AMEA Şərqşünaslıq İnstitutu ilə Polşa Elmlər Akademiyasının Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Şərqşünas alimlərimiz dəfələrlə Polşada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər.
Nərgiz Qurbanova Azərbaycan və Polşanın elm və təhsil müəssisələrinin əməkdaşlıqlarının yaradılması və genişləndirilməsi istiqamətində işlərin aparıldığını, Şərqşünaslıq İnstitutunun da bu müəssisələrlə mövcud əlaqələrinin genişləndirilməsinin və yeni əlaqələrin qurulmasının hər iki tərəfə faydalı olacağını və bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.
Akademik G.Baxşəliyeva da qeyd edib ki, yeni əməkdaşlıq sazişlərinin imzalanması ilə qarşılıqlı fayda kəsb edən layihələrin, elmi tədqiqat işlərinin həyata keçirilməsi, elmi işçi və doktorantlar üçün ixtisaslaşmış kursların təşkili, kadrların qarşılıqlı mübadiləsi, zəruri ədəbiyyat və dövri nəşrlərin mübadiləsi, birgə simpozium və konfransların təşkili kimi əhəmiyyətli addımların atılmasına əsas yaradılmış olacaq.