Print this page

AMEA AKAD. Z.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU “MİRZƏ KAZIMBƏY – 220” ADLI BEYNƏLXALQ ELMİ KONFRANSA TEZİS QƏBULUNU ELAN EDİR

07 May 2022

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu 20 sentyabr 2022-ci il tarixində görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin “Şərq dilləri” fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar “Mirzə Kazımbəy –220” adlı beynəlxalq elmi konfrans təşkil edəcəkdir.

 

Mirzə Kazımbəy Azərbaycan xalqının XIX əsrdə yetirdiyi nadir şəxsiyyətlərdəndir. Mirzə Kazımbəy Azərbaycan elminə dünya şöhrəti qazandırmış, bir sıra elm sahələrinin inkişafında müstəsna rol oynamış, zəngin elmi biliklərə, ensiklopedik zəkaya malik olmuşdur. Mirzə Kazımbəy şərqşünaslıq, ədəbiyyat, dil, fəlsəfə, tarix, hüquq, dinşünaslıq, etika, etnoqrafiya, pedaqogika sahəsində dünya elmi üçün bu gün də böyük əhəmiyyət kəsb edən, nadir mənbələrdən hesab olunan bir sıra fundamental əsərlər yazmışdır. Alimin “Dərbəndnamə”, “əs-Səb əs-Səyyar”, “Uyğurlar haqqında tədqiqat”, “Quranın bəzi surələrinin şərhi”, “Firdovsi yaradıcılığı üzrə Şərq mifologiyası” və s. əsərləri Avropa dillərinə tərcümə olunaraq nəşr olunmuş, dünya miqyasında geniş əks-səda doğurmuşdur. Doğma Azərbaycan dilinin tədqiqində, öyrənilməsində, elmi qrammatikasının yaradılmasında Mirzə Kazımbəyin əvəzsiz xidmətləri olmuşdur. Onun qələmə aldığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri müstəsna əhəmiyyətə malikdir. Mirzə Kazımbəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi qrammatikasının yaradıcısı, Sədinin “Gülüstan” əsərinin rus dilinə ilk tərcüməçisidir. Rus şərqşünaslıq elmini zənginləşdirən əsərlərinə görə Mirzə Kazımbəy üç dəfə yüksək nüfuzlu Demidov mükafatına layiq görülmüşdür.

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Mirzə Kazımbəy – 220” adlı beynəlxalq elmi konfransla əlaqədar beynəlxalq elmi konfransa tezislərin qəbulunu elan edir.

Tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində qəbul edilir.

Məruzə tezislərinin qəbuluna dair tələblər:

- Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, sətirlər arası interval 1.5 olmaqla yazılmalıdır;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir;

- Mətnin kənarındakı boşluqlar:

Sol tərəf – 3 sm;

Sağ tərəf – 1 sm;

Yuxarı hissə - 2 sm;

Aşağı hissə - 2 sm.

Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 30 iyul 2022-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası,VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.

Telefon: +994 55 392 96 41