Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİNİN 27-Cİ İLDÖNÜMÜ QEYD EDİLDİ

18 Yanvar 2017

 

 

 

 

Yanvarın 18-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yad edildi.

 

20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi: “Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Böyük imperiyanın hərbi maşını Azərbaycana təcavüz etmişdi. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Bu qanlı hadisələrdə xalqımız 132 şəhid verdi, 700-ə yaxın insan yaralandı”.

G.Baxşəliyeva həmin günlərdə, Azərbaycanın hərtərəfli blokadaya alındığı bir zamanda ümummilli lider Heydər Əliyevin Moskvada, başda Mixail Qorbaçov olmaqla Sovet rəhbərliyini tənqid edən bəyanat verməsini və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırmasını vurğuladı. Gövhər xanım şəhidlərin xatirəsinin anılması ilə bağlı fərman və sərəncamları da qeyd etdi.

Tədbirdə Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söylədilər.