Print this page

Əkrəm Rəhim oğlu Bije

29 Aprel 2022

 

Azərbaycan şərqşünaslıq elminə ağır itki üz verib. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Bije ömrünün 90-cı ilində dünyasını dəyişib.

 

 

Əkrəm Rəhim oğlu Bije 1932-ci ilin sentyabrında Qazax rayonunda dünyaya gəlib. Repressiyalar dövründə 1938-ci ilin aprelində bir vaxtlar şahın zülmündən baş götürüb qaçdığı Güney Azərbaycana - ata-baba yurduna köçməyə məcbur edilmişdi. İrana köçməyə məcbur edilən Bijelər ailəsi Cənubi Azərbaycanın Mərənd şəhərinin Dizə kəndində məskunlaşıb. Əkrəm Bije 9 il İranda yaşayıb. O, ailəsi ilə 1946-cı il dekabrında Sovet Azərbaycanına dönüb. Ailə  bir neçə gün Naxçıvanda saxlandıqdan sonra 2-3 ay ərzində o vaxtkı Jdanov (indiki Beyləqan) rayonunun sovxozlarında yerləşdirilib. Sonra yenidən Qazax rayonuna qayıdıb. Burada orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Kirovabad (indiki Gəncə) Pedaqoji məktəbinə daxil olub. 1953-cü ildə pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirərək o zamankı V.I.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olub. 1957-ci ildə tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bir müddət orta məktəbdə tarix fənnini tədris etməklə yanaşı, "Azərbaycan" qəzetində əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. İranın sosial-siyasi, iqtisadi və mədəni həyatı ilə (mətbuat və radio vasitəsi ilə) yaxından məşğul olub, çoxsaylı tərcümə və məqalələri dövrü mətbuatda müntəzəm şəkildə çap olunub.

 

1959-cu ilin payızında Türkiyə iqtisadiyyatı üzrə aspiranturaya qəbul olunub. "Atatürk dövründə Türkiyənin SSRİ ilə iqtisadi əlaqələri" mövzusunda tədqiqatı başa çatdırıb Moskvadakı Şərqşünaslıq İnstitutunda müdafiə edib. Bu tədqiqat Elmi Şuranın təqdimatı ilə 1965-ci ildə kitab şəklində oxuculara təqdim edilib. Sonrakı illərdə Əkrəm müəllimin "Türkiyənin xarici ticarət siyasəti (1920-1980)" adlı monoqrafiyası işıq üzü görüb. Müasir Türkiyənin xarici iqtisadi əlaqələrinə, ölkədəki duruma aid 10 elmi məqaləsi, bir neçə tezis və məruzəsi elmi dərgilərdə, müxtəlif jurnallarda dərc olunan Əkrəm müəllim Türkiyə tarixinə və iqtisadiyyatına dərindən bələd olan səriştəli bir tədqiqatçı kimi tanınır. Moskvada kollektiv müəlliflər tərəfindən oxuculara təqdim edilmiş "Türkiyənin ən yeni tarixi" kitabında geniş oçerki çap olunan Əkrəm müəllim bir neçə il AMEA Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinə başçılıq edib.

 

Türkiyə dost və qardaş ölkə olsa da, doğma vətən – Cənubi Azərbaycanın tarixi, coğrafiyası, iqtisadi, siyasi və mədəni problemləri ilə məşğul olmaq, şəxsi saxlanğıcında toplanmış çoxsaylı materialları gündəmə gətirmək, tədqiqatın istiqamətini bu tərəfə çevirmək istəyi Əkrəm müəllimi rahat buraxmadığından, keçən yüzilliyin sonundan İnstitutun Cənubi Azərbaycan şöbəsində davam etdirib və 2009-2014-cü illərdə bu şöbənin müdiri olub. Bu şöbədə çalışdığı 25 il ərzində Əkrəm müəllim Cənubi Azərbaycana aid onlarca elmi və publisistik məqalə yazıb, toplantılarda, dövlət radiosunda, ictimai televiziyada və başqa informasiya vasitələrində silsilə çıxışlar edib.

 

Cənubi Azərbaycan şöbəsinə gələndən Əkrəm müəllimin "Güney Azərbaycan" ensiklopedik məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə), "Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)" (Bu kitab Kanada və Tehranda da çap olunub) kitabları işıq üzü görüb. 2009-cu ildə Bakıda nəşr olunan “Mübarizə burulğanında keçən ömür. Seyid Cəfər Pişəvəri” adlı kitabı daha sonra Türkiyə türkcəsində Trabzon şəhərində və 2013-cü ildə fars dilində İran İslam Respublikasının Məşhəd şəhərində “Əbədi məşəl. Seyid Cəfər Pişəvəri (həyatı, siyasi və ictimai fəaliyyəti)” adı ilə çap olunub.

 

Əkrəm müəllimin tərtibatında və elmi redaktorluğu ilə 2014-cü ildə  işıq üzü görmüş “Zindan xatirələri” (Bakı) toplusu da S.C.Pişəvərinin 1930-1941-ci illərdə İranın Tehran şəhərindəki “Qəsri-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Bunlardan başqa, "Doktor Salamulla Cavid", "Parçalanmış millətin harayı" kitablarının tərtibçisi və redaktoru olmuş Əkrəm müəllim, Səməd Bayramzadə ilə birgə “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)” adlı kitabı hazırlayaraq çap etdirib. Eyni zamanda o, güneyli müəllif Səməd Sərdarniyanın "Arazın hər iki sahilində soyqırım" və "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitablarının, "Məşrutə hərəkatı - 100", "Ş. M. Xiyabani hərəkatı" məqalələr toplusunun da elmi redaktoru olub.

 

Ə.Rəhimlinin məqalə, müsahibə və rəylərindən seçmələri əhatə edən  “Cənubi Azərbaycan: düşüncələr, problemlər” (Bakı, “Nurlar”, 2017) adlı son əsəri 2017-ci ilin yayında işıq üzü görüb.

 

Əkrəm müəllimin İran və Cənubi Azərbaycanın müasir durumumdakı problemlərə aid çox sayda elmi məqalələri İranda, Türkiyədə, Almaniyada, Kanadada və Bakıda (ingiliscə) nəşr olunan dərgilərdə çap olunub.

 

Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm müəllim 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

 

Əkrəm müəllimin əziz xatirəsi şərqşünasların qəlbində daima yaşayacaq. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi Əkrəm Rəhim oğlu Bijenin vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!