Print this page

“Azərbaycan Respublikasında 2022–2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı TƏKLİFLƏR

21 Aprel 2022

Hazırda dünyada gedən qloballaşma prosesində elmi-intellektual potensial davamlı və sabit inkişafın əsas meyarına çevrilərək hər bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri inamla həyata keçirmək, dünya arenasında layiqli yer tutmaq imkanı yaradır. Belə bir şəraitdə elm və təhsil sistemi qloballaşan dünyanın reallıqlarını, habelə yeni nəslin yetişdirilməsi, tərbiyə olunması sahəsində müasir bilik və texnologiyaları, dünyada cərəyan edən pozitiv meyillərə cavab verən mütərəqqi metodları özündə əks etdirməlidir.

 

“Azərbaycan Respublikasında 2022–2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”sı elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksəkixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönələcək.

Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində, xüsusilə zəfərlə başa vurduğu 44 günlük İkinci Qarabağ savaşından sonrakı dövrdə azərbaycançılıq ideologiyası ruhunda köklənən, mütərəqqi milli və bəşəri dəyərləri mənimsəməklə yeni intellektual nəslin formalaşdırılmasında əsas ağırlıq məhz humanitar və ictimai elmlərin üzərinə düşür.

Dövlətin milli varlığını - dilini, tarixini, ədəbiyyatını, folklorunu, mədəniyyətini, bir sözlə, milli-mənəvi dəyərlərini elmi səviyyədə araşdıran, tədqiqat və təhlil obyektinə çevirən humanitar və ictimai elmlərin dövrün tələbləri səviyyəsində inkişafı Azərbaycanın dövlətçilik ideologiyası azərbaycançılığın düzgün məcrada inkişafı nöqteyi-nəzərindən aktualdır.

Humanitar və ictimai elmlərin qarşısında duran ən başlıca vəzifə tədqiqat işlərini dövlətin ideoloji təməl prinsiplərinə uyğunlaşdırmaq, habelə bu sahədə bəşəri dəyərlərin milli maraqlar çərçivəsində inteqrasiyasına nail olmaqdır. Azərbaycan elminin gələcək taleyi, kadr potensialı gənc tədqiqatçılardan asılı olduğundan, bu məsələlərə kifayət qədər ciddiliklə yanaşmaq lazımdır.

Humanitar və ictimai elmlərin təmsilçiləri – tarixçilər, arxeoloqlar, ədəbiyyatşünaslar, mədəniyyət, incəsənət, folklor və sair sahələrin tədqiqçilərinin çiyinlərinə ikiqat məsuliyyət düşür. Ölkə rəhbəri bəyan edib ki, ortada yeni reallıqlar var. Bu reallıqları nəzərə almaqla tariximiz mükəmməl araşdırılmalı və yenidən yazılmalıdır. Qarabağ və digər tarixi mahallarımızın toponimiyasından tutmuş, tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti ilə bağlı ermənilər tərəfindən saxtakarlıqla mübahisə predmetlərinə çevrilən elementlər vardır ki, onlar elmi əsaslar üzərində yenidən tədqiq olunmalı və dünyaya Azərbaycan həqiqətləri şəklində çatdırılmalıdır. Həm də bu araşdırmalar beynəlxalq müştərək tədqiqatlar formasında dünyanın müvafiq sahələr üzrə aparıcı elm mərkəzlərinin alimləri ilə birlikdə aparılmalıdır.

Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması Şərqşünaslıq İnstitutunun qarşısına Şərq ölkələrində cərəyan edən ictimai-siyasi, iqtisadi, dini və etnik proseslərin, bu ölkələrin beynəlxalq münasibətlər sistemində rolunun, Azərbaycanla əlaqələrinin öyrənilməsi, Şərq ölkələrinin iqtisadi inkişafı və Azərbaycanla iqtisadi əlaqələrinin genişləndirilməsi məsələlərinin diqqət mərkəzində saxlanılması, Azərbaycanın xarici siyasətində Şərq amilinin, Prezident İlham Əliyevin Şərq siyasətinin ətraflı tədqiq edilməsi, türkdilli xalqların inteqrasiyası və müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin araşdırılması kimi vəzifələr qoyulur.

Bu konteksdə Şərqşünaslıq elminin inkişaf strategiyasının hazırlanması ilə bağlı aşağıdakı təkliflərimi təqdim edirəm:

1.      Dünya elminə inteqrasiya prosesinin sürətləndirilməsi üçün bütün alimlərimizin elmmetrik bazalarda (elmi informasiya axını və massivlərinin dinamika və strukturunun tədqiqatı, elmin inkişafının kəmiyyət göstəricilərinə görə qiymətləndirməsi) profil səhifələri yaradılmalı, onlar nüfuzlu elmi bazalarda arxivləşən jurnallardan istifadəyə cəlb olunmalı, akademik sosial şəbəkələrin imkanlarından istifadə edilməli və elmi fəaliyyətin qiymətləndirilməsində elmmetrik meyarlar əsas götürülməlidir;

2.      AMEA-nın Şərqşünaslıq İnstitutunda həyata keçirilən işlərin keyfiyyətinin artırılması üçün istedadlı və mükəmməl dil bilgilərinə malik gənclərin ixtisasları üzrə xarici ölkələrdə orta və uzunmüddətli təcrübə keçməyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün hətta İnstitutun elmi işçilərinin müvafiq Şərq ölkələrində tərcüməçi sifətilə işləmək təcrübəsindən də istifadə və bu işi həyata keçirmək üçün İnstitut rəhbərliyi hökumətin müvafiq qurumları ilə əməkdaşlıq edə bilər (sovet dövründə belə bir təcrübə çox inkişaf etmişdi);

3.      44 günlük Vətən müharibəsinin qələbəsindən sonra erməni işğalından azad edilmiş Qarabağ regionunu dünya alim və mütəxəssislərinin tez-tez bir araya gətirildiyi məkan halına gətirilməsi planı günün vacib məsələləri sırasında dayandığından burada təşkil edilən və bütün elm sahələrini əhatə edən elmi konfrans, simpozium, elm həftəsi, elm günlərində iştiraka Şərqşünaslıq İnstitutunun əməkdaşları da müvafiq mövzular üzrə yaxından cəlb olunmalıdırlar;

4.      Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətinə həsr olunmuş müxtəlif materialların Şərq dillərində yayımlanması, Yaxın və Orta Şərq ölkələrində ictimai fikir və din tarixinin hərtərəfli öyrənilməsi, Azərbaycan və Şərq xalqlarının tarixinə, ədəbiyyatına, elminə və mədəniyyətinə aid əlyazmaların və qədim mənbələrin tekstoloji tədqiqi və təhlili, şərhli tərcüməsi və nəşri, Şərq ədəbiyyatlarının və filologiyasının tədqiqi, müxtəlif Şərq ölkələrinə aid təhlili-analitik bülletenlərin müntəzəm hazırlanaraq, yayımlanması diqqət mərkəzində saxlanılmalıdır;

5.    Şərqşünaslıq İnstitutunun nəinki ayrı-ayrı elmi əməkdaşları, eyni zamanda da şöbələri müvafiq mövzular üzrə Elmin İnkişaf Fondunun keçirdiyi müsabiqələrdə iştiraka cəlb edilməli, aparıcı milli ideologiyamız olan  azərbaycançılığın inkişafına və yayılmasına kömək edən əsaslı mövzuların işlənib hazırlanmasına, çapına səy göstərməlidirlər.  Əslində elmi işçilərin qəbul etdikləri fəaliyyət planları da “çox iş, çox qazanc” şüarına uyğun bu prinsip əsasında qurulmalı və icra edilməlidir;

6.    Keyfiyyətsiz elmi işlərin icrasının aradan qaldırılması məsələsi də İnstitutun elmi-tədqiqat platforması olmalıdır. İnstitutun elmi əməkdaşları  yeni və müasir  dövrə aid elmi-tədqiqat əsərlərinin yazılması və çapına daha çox önəm verməlidirlər. Məsələn, Cənubi Azərbaycan şöbəsinin əməkdaşları tərəfindən 2020-2022-ci illər üçün “Cənubi Azərbaycan tarixinin oçerki (1918-1978)” kitabının hazırlanması, eləcə də ondan sonrakı 2023-2025-ci illər üçün icrası nəzərdə tutulmuş və yerinə yetirəcəkləri işlər fundamental tədqiqat işləri olmaqla bərabər eyni zamanda “azərbaycançılıq” adlı bu günkü aparıcı milli ideologiyamızın möhkəmlənməsi, inkişafı və təbliği işinə xidmət edir və edəcəkdir.

7.    Şərqşünaslıq İnstitutu əməkdaşları eyni zamanda plan işlərinin icrası zamanı müvafiq sahələrin tədqiqatçıları ilə qarşılıqlı əməkdaşlıq etməklə, ciddi elmi araşdırmalar aparmaqla onların yüksək elmi dəqiqlik və mahiyyətcə milli məzmunlu olmasına, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edə biləcək milli ruha malik olmasına önəm verilməsini əsas elmi metodika və yanaşma kimi qəbul etməlidirlər;

8.    Yaxın və Orta Şərq, eləcə də Uzaq Şərq və Sakit okean hövzəsi ölkələrinin müvafiq elmi mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq, o cümlədən kadr hazırlığı, elmi qaynaq və mənbələrin mübadiləsi məqsədilə müvafiq dövlət qurumları, eləcə də mərkəzi icra hakimiyyəti orqanları vasitəsilə danışıqlar aparılmalı, sözügedən məsələlərin həyata keçirilməsi üçün müqavilələr işlənib hazırlanmalı və onların icrasına nail olunmalıdır.

 

Səməd Bayramzadə,

dosent, tarix üzrə fəlsəfə doktoru,

AMEA akad. Z.M.Bünyadov adına

Şərqşünaslıq İnstitutunun Cənubi

Azərbaycan şöbəsinin müdiri