Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA NÖVBƏTİ SEMİNAR KEÇİRİLİB

21 Aprel 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Elm Günü ilə əlaqədar tədbirlər sırasında keçirilən seminarlar davam etdirilir. Aprelin 20-də baş tutan növbəti seminar “Qərbin Rusiyaya qarşı enerji sanksiyalarının tətbiqində Ərəb dövlətləri faktoru” mövzusunda olub.



Seminarı giriş sözü ilə açan institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov hazırda bütün dünyanın diqqətinin Ukraynadakı hadisələrə yönəldiyini bildirərək, bu hadisələrin tək münaqişənin bilavasitə iştirakçılarına deyil, bir çox ölkələrə təsir etdiyini deyib. O, hazırkı seminarda Ukraynadakı hadisələrin, əsas mahiyyəti, tətbiq edilən sanksiyalar və bütün bunların başqa regionlara, xüsusən də Yaxın və Orta Şərqə təsiri barədə bəhs ediləcəyini qeyd edib.

Seminarda institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov “Qərbin Rusiyaya qarşı enerji sanksiyalarının tətbiqində Ərəb dövlətləri faktoru” mövzusunda məruzə edib. Məruzədə hazırkı dövrdə dünya ictimaiyyətini və region dövlətlərini özünə məşğul edən olduqca əhəmiyyətli mövzu incələnib.

S.Bağırov Ukrayna müharibəsi fonunda Qərbin neft siyasəti, bu siyasətin əsas tərkib hissəsi olan Qərb tərəfindən Rusiya enerjisinin alternativini təmin etmək yolları, o cümlədən Qərbin Körfəz ərəb dövlətlərilə hasilatı artırmaq üçün danışıqlar aparması, Qətər və Əlcəzairdən qazın ixracını artırmaq istəkləri və s. ilə bağlı mövzular barədə ətraflı danışıb. Həmçinin seminarda dünya bazarında enerji qiymətlərinin artmaması üçün Qərbin regionda bəzi gərginlikləri sakitləşdirmək cəhdləri, o cümlədən İranla nüvə sazişinin əldə edilməsi və Yəməndə atəşkəs istiqamətində addımlar müzakirə edilib.

Seminarda Qərbin Rusiyaya qarşı sanksiyaları istiqamətində Ərəb dövlətlərini səfərbər edə bilməsi imkanları, ərəb dövlətlərinin Qərbdən təvəqqeləri və s. əlaqədar məsələlərdən də bəhs edilib.

Sonda Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda mümkün Azərbaycan amili, Azərbaycan enerjisinin dünya bazarı üçün əhəmiyyəti və digər aidiyyati mövzulara toxunulub.

Məruzədən sonra S.Bağırov seminar iştirakçılarının suallarını cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.