Print this page

İRANDA MODERNLƏŞMƏ UĞRUNDA MÜBARİZƏYƏ DAİR KİTAB

16 Dekabr 2016

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi Əfşan Şəfiyevanın “Seyid Nəsən Tağızadə və İranın modernləşməsi” kitabı işıq üzü görüb.

Monoqrafiya XIX əsrin II yarısı, XX əsrin son rübünə qədər İranda modernləşmə uğrunda mübarizə aparılan hərəkata, modernləşdirmə cərəyanlarına, eyni zamanda İranın görkəmli siyasi, ictimai və dövlət xadimi Seyid Həsən Tağızadənin öz ölkəsinin modernləşməsi prosesində roluna, bu prosesin başlıca məqamlarına və xüsusiyyətlərinə həsr olunub. Monoqrafiyada Seyid Həsən Tağızadənin şəxsiyyəti, elmi fəaliyyəti, ictimai düşüncələri və ideologiyası geniş tədqiq edilir.

Kitabda ilk öncə elmi redaktor t.ü.e.d., prof. Solmaz Rüstəmova-Tohidinin ön sözü təqdim olunur. Əsər giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Sonda rus və ingilis dillərində xülasə və adlar göstəricisi verilir.

Girişdə modernləşmə nəzəriyyəsinin ümumi prinsipləri, onun Şərq-İran cəmiyyətinə nüfuz və təsiri, həmçinin bu prosesdə şəxsiyyətin rolu kimi məsələlərin müasir dövrün tələbləri baxımından aktuallığı şərh edilir.

“XIX-XX əsrin əvvəllərində İranda ilk modernləşdirmə cəhdləri və modernləşdirmə ideologiyasının meydana gəlməsi” adlı birinci fəsildə sözügedən dövrdə İranda sosial-iqtisadi, siyasi və mədəni vəziyyət, bu ölkədə XIX əsrdə islahat aparmaq cəhdləri nəzərdən keçirilir və modernləşmənin ilk ideoloqlarından bəhs edilir.

“Seyid Həsən Tağızadənin ictimai-mədəni və elmi fəaliyyəti” adlı ikinci fəsildə S.H.Tağızadənin dünyagörüşünün formalaşması, fəaliyyətinin müxtəlif tərəfləri araşdırılır.

“Seyid Həsən Tağızadənin İranı modernləşdirmək cəhdləri” adlı üçüncü fəsildə S.H.Tağızadənin siyasi sistemin modernləşdirilməsində fəaliyyəti və modernləşdirmə sahəsində ideoloji fəaliyyəti nəzərdən keçirilir.

Monoqrafiyanın bütün fəsilləri boyu S.H.Tağızadənin həyat yolu və zəngin bioqrafiyası ardıcıl olaraq izlənilir. Bu zaman onun dövlət qulluğunda, xüsusilə xarici ölkələrdə səfir olduğu, daha sonra İran üçün taleyüklü məsələlərin həll olunduğu siyasi təlatümlərlə dolu tarixi dövrlərdə müxtəlif mühüm siyasi-ictimai məsələlərə münasibəti və tutduğu mövqe əks olunur.

Tədqiqatın əsas yekunu kimi müəllif belə bir nəticəyə gəlir ki, ictimai fəaliyyətə modernləşdirici – praktik kimi başlayan S.H.Tağızadə XX əsrin 20-ci illərinin əvvəllərində qatı vesternləşdirmə tərəfdarı kimi çıxış etmiş və tədricən modernləşmənin vesternizasiya xəttindən uzaqlaşaraq, kamil modernləşmə mövqeyində bərqərar olmuşdur.