Print this page

Azərbaycan tarixşünaslığına mühüm töhfə (Tiflis əyalətinin müfəssəl dəftəri. Borçalı və Qazax. 1728-ci il”)

18 Aprel 2022

Tarixdən bəllidir ki, Cənubi Qafqaz XVI əsrin sonunda və XVIII əsrin əvvəllərində Osmanlı imperiyasının tərkibində olmuş və burada həmin superdövlətin idarə sistemi yaradılmışdır. Türkiyə Cümhurbaşkaqnlığının Osmanlı Arxivində saxlanan həmin dövrə aid bir sıra sənədlər orta əsrlər Azərbaycan tarixinin öyrənilməsi üçün mühüm mənbə rolunu oynayır.

 

Bu günlərdə akademik Şahin Musta­fayevin nəşrə hazırladığı Tiflis əyalətinin 1728-ci ilə aid müfəssəl dəftərinin əlyazması da həmin arxivdə qorunub saxlanmaqdadır. Görkəmli tarixçi alimin oxucuların diqqətinə təqdim etdiyi kitab təkmilləşdirilmiş ikinci nəşridir və Borçalı və Qazax bölgələrini əhatə edir. Bu nadir yazılı mənbənin Azərbaycanın sosial-iqtisadi və etnodemoqrafik tarixi üçün xüsusi əhəmiyyətini və 2001-ci ildəki ilk nəşrinin artıq nadir nəşrlər sı­rasına daxil olduğunu nəzərə alan alim onu yenidən, daha da təkmilləşdirərək nəşr etdirmişdir. Kitabda oxşar nəşrlərin təcrübəsi nəzərə alınmış, yer və insan adlarında dəqiqləşdirmələr aparılmışdır.

1299-cu ildən başlayaraq, 1922-ci ilədək – 6 əsrdən artıq mövcud olmuş Osmanlı imperiyası olduqca mütəşəkkil və güclü mərkəziyyətçi üsul-idarə sistemi qurmuşdur. Bu usul-idarənin əsaslarından biri kimi vergitoplama apa­ratı daim dövlətin diqqət mərkəzində olmuşdur. “Təhrir dəftərləri” adlanan maliyyə-vergi reyestrləri ilk sultanların dövründən başlayaraq tərtib edilmişdir.

Osmanlılar fəth etdikləri bölgələri mərkəzləşmiş qaydada idarə etmək məqsədilə yeni ərazilərin ölkənin icti­mai-siyasi və sosial-iqtisadi sisteminə inteqrasiyası, siyasi sabitliyi və asayişi təmin etmək üçün, ilk növbədə, qala­larda silahlı qüvvələri yerləşdirir, onlara maaş kimi veriləcək vəsaitin mənbəyini müəyyən edirdilər. Həmin bölgələrdə ərazi-inzibati bölgüsü aparılır, idarəedicilər (bəylərbəyi, sancaqbəyi, qazi, naib, kəndxuda, dəftərdar) təyin edilirdi. Bundan sonrakı mərhələdə yeni yaradılmış yerli idarə orqanları öz işlərini paralel aparmağa başlayırdılar.

İlk növbədə, vergi-maliyyə məmurları yerli əhalidən olan kəndxudaların bələdçiliyi və onların bilavasitə iştirakı ilə əyalət əhalisinin siyahıyaalınmasını aparır, sosial vəziyyətini təftiş edir, vergi ödəyən əhalinin məşğuliyyəti, ailə vəziyyəti, fiziki sağlamlığı, mənsub olduğu zümrə haqqında ətraflı məlumat toplayır, gəlir obyektlərini müəyyən edir, onlardan alı­nacaq vergilərin həcmini dəqiqləşdirir, ticarət qaydalarını qoyurdular.

Beləliklə, əyalətin idarə edilməsi üçün lazım olan hüquqi akt (qanunnamə) və vergilərin nizamlı şəkildə toplanmasını müəyyən edən vergi reyestri (müfəssəl dəftər) tərtib edilirdi. Bu dəftərlərdə müvafiq əyalətdə bütün yaşayış məntəqələri, onlarda məskun olan və vergiyə mükəlləf tutu­lan insanların adbaad siyahısı, alınan vergilər və digər məlumat təfsilatlı şəkildə öz əksini tapırdı. Bundan sonra yerli əhalidən bütün vergilər bu dəftərlərə əsasən toplanırdı.

Adətən, Osmanlılar yeni fəth etdikləri ərazilərdə 2–3 il sonra təhrir dəftərləri tərtib edirdilər. Fəthlə təhririn arasında bu cür fasilənin olması onunla əlaqədar idi ki, o dövrün şərtlərinə görə vergi ödəyən əhalinin adbaad siyahı­ya alınması prosesi xeyli vaxt alırdı. Bundan başqa, müharibə baş vermiş ərazilərdən qaçmış əhalinin öz yerlərinə qayıtması üçün müəyyən zaman tələb olunurdu.

Osmanlı idarəçiliyində əkinçilik üçün rəiyyətə verilən torpaq “ciftlik” deyilən parçalara ayrılırdı. Ciftliyin sahəsi torpa­ğın keyfiyyətindən asılı olaraq dəyişirdi. Əla növ məhsuldar torpaqlarda 1 cift ərazi 80 dönümə, orta keyfiyyətli torpaqlarda 100 dönümə, məhsuldarlığı az olan aşağı keyfiyyətli torpaqlarda isə 130 dönümə bərabər götürülürdü. Eni və uzunu 40 iri addım olan ərazi 1 dönüm hesab edilirdi və təxminən, 919,3 kvadratmetr və ya 0,092 hektara bərabər idi.

Təhrir dəftərlərinin qanunnaməsinə görə vergilər 3 qrupa ayrılırdı:

1.Şəri vergilər (üşr, baş vergisi və s.);

2.Ürfi vergilər (çift, yarımçift, bennak vergiləri və s.);

3.Ərazi vergiləri (taxıl vergisi, dəyirman vergisi, heyvan vergisi, göm­rük rüsumları və s.).

Məhsuldan alınacaq vergilər onun pul ekvivalenti ilə alınır və hər bir məhsul növünün qiyməti paytaxtda, sultanın hüzurunda müəyyən edilirdi. Osmanlı imperiyasında evli olmayan adama çiftlik verilmirdi. 50 ağça olan çift vergisi mart ayında alınırdı. Ya­rım çift üçünsə 25 ağça vergi alınırdı. Məhsuldar torpaqlarda hər 2 dönüm, az məhsuldar torpaqlarda isə hər 3 dönüm üçün 1 ağça vergi alınırdı.

Yarım çiftdən az torpağı olan və bennak adlanan ailə başçısı 18 ağça vergi ödəyirdi. Evli və ya subay olmasından asılı olmayaraq, həddi-buluğa çatmış kişi cinsindən olan qeyri-müsəlmanlardan ispəncə deyilən baş vergisi də alınırdı. Müsəlman və ya qeyri-müsəlman olmasından asılı olmayaraq, qoyun və keçiyə görə adəti-əğnam deyilən vergi alınırdı. 2 qoyuna görə aprel ayının əvvəllərində 1 ağça vergi ödənilirdi. Bundan başqa, 300 qoyundan ibarət olan bir qoyun sürüsü üçün ildə yaylaq vergisi olaraq 1 qoyun alınırdı.

Osmanlı idarəçiliyi dövründə əkin sahələrinin qorunması üçün dəştibani adlanan ciddi bir vergi növü də vardı. Əgər bu vergini ödəyən şəxsin əkininə kiminsə mal-qarası girərdisə, heyvan sahibinə 5 dəyənək vurulur və əkinə girmiş hər qoyun üçün 5 ağça cərimə alınaraq əkin sahibinə verilirdi.

1728-ci ildə tərtib edilmiş “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə də bu vergilər ətraflı şəkildə təsvir edilmiş­dir. Göründüyü kimi, istər XVI əsrin sonu, istərsə də XVIII əsrin I rübündəki Osmanlı fəthi zamanı Cənubi Qaf­qazda mükəmməl idarəetmə təşkilatı və vergi sistemi mövcud olmuşdur. Görkəmli türk tarixçisi İ.Haqqı Uzunçar­şılı Roma imperiyasından sonra ən çox hökm sürmüş və 3 qitəyə yayılmış bu dövlətin qüdrətini və nədən Səlcuqlu, Çingizin və Teymurun imperiyaları kimi az bir zamanda dağlıb parça­lanmamısının səbəbini həm bu vergi sistemini, həm də mülki və cinayət hüququnu tənzimləyən qanunnamələrlə əlaqələndirmişdir.

Akademik Şahin Mustafayevin kita­ba yazdığı giriş mətnindən məlum olur ki, Osmanlı fəthindən sonra hazırlan­ması 1728-ci ildə başa çatmış bu dəftər iki hissədən ibarətdir. Birinci hissə, əsasən, Tiflis şəhərinin özü və ona tabe olan bir sıra xristian-gürcü əhalisinin məskun olduğu inzibati vahidləri əhatə edir, ikinci hissə isə Tiflis əyalətinə aid olan, lakin böyük sayda müsəlman-türk əhalisinin məskun olduğu əraziləri, o cümlədən bəzi tarixi Azərbaycan torpaqlarını da əhatə edir. Kitabda Azərbaycan tarixinə bilavasitə aidiyyatı olan Tiflis əyalətinin müfəssəl dəftərinin ikinci hissəsi (arxiv şifrəsi 897) oxucula­ra təqdim olunur.

Müəllif mətnindən onu da öyrənirik ki, Osmanlı dönəmində Tiflis əyalətinin həmin mənbədə əksini tapmış inzibati-ərazi vahidləri Baratlı, Tumanis, Baydar, Dəmirçihəsənli, Somsxit, Taşır, Pənbək, Ağcaqala və Qazax livasına daxil olan İncə, Çuvar, Axstabad və Türk nahiyələrindən ibarət olmuşdur. Göründüyü kimi, Qazax bölgəsi dörd nahiyədən ibarət olan liva (sancaq) statusu ilə Tiflis əyalətinin tərkibində idi. Tarixi Borçalı torpaqları isə Osmanlı inzibati-siyasi sistemində xüsusi vahid bölgə statusuna sahib deyildi. Ona görə də dəftərin Borçalıya aid hissəsinin hazırlanmasında müəyyən şərtiliyə yol verilmişdir.

Kitabda Borçalının təqribi sərhədləri və əhatə etdiyi nahiyələrin təyinində 1721-ci il Kartli siyahıyaalmasının sənədləri, gürcü coğrafiyaşünası Vaxuştinin xəritəsi və XIX əsrdə Rusiya imperiyası daxilində mövcud olmuş Borçalı qəzasının sərhədləri əsas götürülmüşdür. Beləliklə, mənbədə verilən Baratlı, Tumanis, Baydar, Dəmirçihəsənli, Somsxit, Taşır, Pənbək, Ağcaqala nahiyələri tarixi-coğrafi bölgə kimi “Borçalı” adı altında şərti olaraq birləşdililmişdir.

Müəllifin tərtib etdiyi cədvəldə Borçalı və Qazax bölgələrinin hər bir inzibati-ərazi vahidi üçün illik gəliri, yaşayış məntəqələri və camaatların, müsəlman və qeyri-müsəlmanların sayını göstərən mühüm məlumatlar yer almışdır. Cədvəldə 5 min 515 nəfər müsəlman vergi ödəyicisi yer alməşdır. Müfəssəl dəftərdə onların hamısının adı göstərilir. Vergi ödəyiciləri “ben­nak”, “mücərrəd” (subay) və “caba” olmaqla üç qrupa bölünürdü. Bennaklar ailə başçısı idi, mücərrədlər isə vergi ödəyən, lakin hələ evli olmayan şəxslər idi. “Caba” adlanan üçüncü qrupun əkin sahəsi yox idi.

1988 nəfər vergi ödəyici olan Dəmirçihəsənli nahiyəsində qeyri-müsəlman əhali qeydə alınmamışdır. Həmin nahiyə əhalisinin sayına görə Somsxit nahiyəsindən sonra ikinci yerdə dururdu. Baydar, Pənbək, Ağca­qala, Çuvar nahiyələrində də müsəlman əhali üstünlük təşkil edirdi. Digər nahiyələrdə isə müsəlmanların azlıqda qalması Osmanlı fəthləri zamanı Səfəvi tərəfdarı olan yerli müsəlman əhalinin geri çəkilən Səfəvi qoşunları ilə birlikdə ərazini tərk etməsinin nəticəsində baş vermişdi. Kitabda yer almış yaşayış məntəqələrinin və köçəri qrupların (ca­maatların) adları müstəsna əhəmiyyət daşımaqla, həmin bölgələrdə yaşayan əhalinin etnik mənsubiyyəti və etnoge­nezi haqqında qiymətli məlumat əldə etməyə kömək edir.

Baratlı nahiyəsindəki Aşağı, Yu­xarı və Orta Qacarlı kəndləri, Baydar nahiyəsindəki Padar, Digər Padar, Kürdlər, Zəngişamlı, Qacar kəndləri, Cavanşir-Kəbirli, Cavanşir Yağlavənd və Muğanlı camaatları, Dəmirçihəsənli nahiyəsindəki Saatlı, Qaramanlı Həsən, Qaramanlı Vəli, Dəmirçihəsənli, Muğan­lı, Qacarlı, Sofulu, Göyçəli, Saraclı ca­maatları, Kəpənəkçi tayfasına mənsub olan bir sıra qışlaqlar, Saatlı, Kürdlər qışlağı, Pənbək nahiyəsindəki Borçalı, Sarıcalı kəndləri, Döyər qışlağı, Ağca­qala livasındakı Böyük, Orta və Kiçik Qaçağan, Qaramanlı, Saatlı, Zəngənə, Böyük, Kiçik və Digər Kiçik Ulaşlı camaatları türk boylarına mənsub olan həmin əhalinin tayfa mənsubiyyətini bildirməklə yerli müsəlman əhalinin etnogezində iştirakını göstərir.

Bu baxımdan Ağcaqala nahiyəsindəki Təkəli oymağı xüsusi maraq doğurur. Bu oymaq Quşçular, Qurdlar, Böyük Heydərli, Kiçik Heydərli, Yaraqlı, Qaraxanlı, Qarcalı, Qaroğ­lu, Qaramanlı camaatlarından ibarət idi. Məlum olduğu kimi, Təkəli tayfası Səfəvi dövlətinin təşəkkülündə mühüm rol oynamışdır. Ağcaqala nahiyəsinin əhalisi, bütövlükdə, “borçalı əşirəti” kimi qeyd edilmişdir.

Tiflis əyalətində rast gəldiyimiz Dəlilər (Dəllər), Ağbaba, Padar, Ağbu­laq, Sarıcalı, Qaraboya, Hamamlı, Hacı­qara, Reyhanlı, Şahablı, Böyük Dəhnə, Kiçik Dəhnə və s. kimi kənd adlarına Cənubi Qafqazın digər bölgələrində də rast gəlinir.

“Tiflis əyalətinin müfəssəl dəftəri. Borçalı və Qazax. 1728-ci il” kitabında yer alan şəxs adları da tədqiqatçılar üçün zəngin material verir. Burada qeydə alınan ənənəvi müsəlman adları ilə yanaşı, Qoca, Çavuş, Uzun, Dilək, Məmiş, Qara, Dostu, Sərdar, Babaş, Adıgözəl, Daşdəmir, Ocaq, Ürkməz, Qorçu, Ağa, Yolçu, Kosa, Bala, La­çın, Tapdıq, Bektaş, Qaraca, Qorqud, Göyçə, Dəmir, Sarı, Bozçalı, Arslan, Törəxan, Nurxan, Qaya, Toxtamış, Bahadır, Doluxan, Qılıç, Teymur, Uruz, Uğur, Dondar, Qaraxan, Qazan, Xaqan, Qacar, Boran və digərləri kimi qədim türkmənşəli insan adlarına da rast gəlinir.

Kitabda yer alan “Qısa terminoloji sözlük” və “Kənd, məzrəə, qışlaq adları­nın göstəricisi” də oxucular üçün önəm daşıyır və kitabın əhəmiyyətini artırır.

Bir sözlə, akademik Şahin Musta­fayevin Azərbaycan tarixşünaslığına mühüm töhfə olan “Tiflis əyalətinin müfəssəl dəftəri. Borçalı və Qazax. 1728-ci il” kitabı XVIII əsrin ilk onilliklərində Azərbaycanın sosial-iqtisadi tarixini, eyni zamanda, tarixi coğrafiyası, toponimikasını öyrənmək üçün mühüm mənbə rolunu oynayır və tarixçilərlə yanaşı, iqtisadçılar, dilçilər, etnoqraflar və digər elm sahələrinin mütəxəssisləri üçün də çox faydalı və maraqlı bir əsərdir.

Bu mühüm kitabı çağdaş Azərbaycan oxucusuna yüksək tərtibat və geniş şərhlə çatdırdığına görə müəllifə dərin razılığöımızı bildirir və möhtərəm akademikə yeni yaradıcılıq uğurları arzulayırıq.

Nazir ƏHMƏDLI,

fəlsəfə doktoru

 

xalqqazeti.com